“Son dövrlərə qədər Bakı-Sumqayıt yolunda tıxac adətən səhər saat 07:30-dan sonra müşahidə edilirdi. Bu gün səhər saat 7-də evdən çıxanda artıq Abşeron Gənclər şəhərciyi adlanan ərazidə tıxacla qarşılaşdım”.
Bunu iqtisadçı ekspert Rövşən Ağayev öz feysbuk səhifəsində yazıb.
O, qeyd edib ki, tıxacın nə qədər fəlakətli miqyas aldığını bu gün daha aydın hiss edib: “Peşəkar mütəxəssislər problemin effektiv və sürətli həll yolu kimi ictimai nəqliyyatın effektiv təşklini, xüsusən dəmir yolunun gücünün artırılmasını, tramvay və metro nəqliyyatının təşkilini təklif edirlər. Amma çox sadə səbəbə görə bu problemin həllini tapacağına inanmıram. Hazırda üzləşdiyimiz tıxac probleminin həll olunmaması nə kimsəni vəzifəsindən edəsi deyil, nə də kimsə bu problemə görə səs itirəsi deyil. Daha bir səbəb qərar qəbul edənlərin heç biri bu problemdən əziyyət çəkmir”.
Ekspert vurğulayıb ki, hazırda Biləcəri-Xırdalan istiqamətində yeni şəhərciklər tikilir və yaxın zamanlarda məskunlaşmanın miqyası daha da artacaq: “Yaxınlarınıza, doğmalarınıza dönə-dönə xəbərdarlıq edin ki, bu istiqamətdə mənzil alıb özlərini və övladlarını bu fəlakətin burulğanına atmasınlar...”