İlham Əliyev Ağalı uşaqlarına: Sizin kimi uşaqlar gələcəkdə ölkəmizi idarə edəcəklər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan rayonunun Ağalı kəndində olublar.

Ağalı kənd məktəbində təhsil alan şagirdləri salamlayan Prezident İlham Əliyev bunları deyib: 

"Bax, sizi biz qaytarmışıq, havası da təmizdir, təbiəti də gözəldir, hər tərəf dağlar, meşələr. Burada həyat qaynayacaq. Bir azdan sonra başqa kəndlərdə də evlər tikiləcək, Zəngilan şəhərində də evlər tikiləcək. Ağalı birinci layihədir, siz də azad edilmiş torpaqlara ilk gələn uşaqlarsınız. Şadam ki, böyük həvəslə gəlmisiniz və sizin valideynləriniz də böyük həvəslə gəliblər. Çünki valideynlərin də çoxu yəqin ki, Ağalını heç görməyiblər. Onlar da işğal dövründə dünyaya gəliblər. Amma torpaq çəkir insanı. Sizin burada olmağınız onu göstərir ki, biz azad edilmiş torpaqları tezliklə abadlaşdıracağıq və bu gün hələ də Sumqayıtda, Bakıda, digər rayonlarda yaşayan keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdacaqlar, burada quracaqlar, yaşayacaqlar, uşaqlar böyüdəcəklər.

Siz də yaxşı oxuyun. Çünki yaxşı oxumaq təkcə sizin üçün yox, ölkəmiz üçün lazımdır. Çünki sizin kimi uşaqlar gələcəkdə ölkəmizi idarə edəcəklər. Ona görə gərək siz bilikli olasınız, savadlı olasınız, həmişə vətənpərvər olasınız. Vətənpərvər olmaq üçün hər bir Azərbaycan vətəndaşının çox böyük haqqı var. Çünki biz bu torpaqlara qan tökərək qayıtmışıq. Bizim qəhrəman şəhidlərimiz öz canlarını fəda ediblər ki, bax, siz və sizin kimi yüz minlərlə azərbaycanlı öz dədə-baba torpağına qayıtsın. Sabah Zəngilanın, Zəngilan şəhərinin azad olunmasının ikinci ildönümüdür. Zaman tez keçir, ancaq artıq böyük quruculuq işləri görülür. Sizin əsas vəzifəniz oxumaqdır, valideynlərin, müəllimlərin sözünə baxmaqdır və gələcəkdə yaxşı vətəndaş olmaqdır".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ