“Hər bir ailənin hesabına 200 dollar ekvivalentində pul qoyulsun”.
Bu təkliflə Milli Məclisin deputatı Tahir Kərimli parlamentin oktyabrın 18-də keçirilən plenar iclasında çıxışı zamanı bildirib.
O xatırladıb ki, Azərbaycanda 2021-ci ildə 112 min körpə doğulub:
“Təklif edirəm ki, həmin körpələr üçün hesab açılsın və 2 000 dollar pul köçürülsün. Neft-qazla zəngin olan bir sıra dövlətlərdə bu rəqəm on minlərlə dollardır. Bizdə isə bu rəqəm ümumilikdə 224 milyon edir. Bu da Neft Fondunda olan vəsaitlərin yarı faizindən də aşağıdır. Azərbaycanda əhalinin kommunal ödənişləri həyata keçirməsində müəyyən problemlər var. Azərbaycanda 2 milyon 200 minə yaxın ailə var. Təklif edirəm ki, hər bir ailənin hesabına 200 dollar ekvivalentində pul qoyulsun. Bu da onlara kommunal ödənişləri ödəməyə kömək etsin. Hesab edirəm ki, bu, Neft Fondu üçün böyük məbləğ olmaz”.