Rusiya-Ukrayna münaqişəsi nəticəsində banklar müxbir hesablarla əməliyyatların aparılmasında müəyyən maneələrlə üzləşsə də, bu münaqişənin Azərbaycan banklarının müxbir hesablarla əməliyyatlarına təsiri məhdud olub.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yaydığı Maliyyə Sabitliyi Hesabatında deyilir.
Hesabata əsasən, yerli bankların sanksiyaya məruz qalan Rusiya banklarında vəsaitlərinin az olması sanksiyaların Azərbaycan bank sisteminin maliyyə dayanıqlığına təsirini məhdudlaşdırır:
“Ölkəmizin Rusiya və Ukrayna ilə sıx ticarət əlaqələri mövcuddur. Hal-hazırda geosiyasi proseslərin bu iki ölkə ilə Azərbaycanın ticarət və iqtisadi əlaqələrə əhəmiyyətli təsiri müşahidə edilmir”.
Həmçinin hesabatda qeyd edilir ki, geosiyasi proseslərin təsiri ilə yüksələn ərzaq qiymətləri və tədarük zəncirində yaranmış çətinliklər qlobal inflyasiyanın səviyyəsini artırmaqda davam edir:
“Qlobal ərzaq qiymətlərinin artması idxal kanalı ilə yüksək inflyasiyanın daxili qiymətlərə ötürücülüyünü artırır. Mövcud geosiyasi gərginlik nəticəsində qlobal enerji daşıyıcıları bazarında qiymətlərin artımı neft-qaz ixracatçısı olaraq ölkənin tədiyə balansına müsbət təsir göstərir. Enerji qiymətlərindəki artım və Avropaya qaz ixracında potensial artım imkanları ortamüddətli perspektivdə ixracı və fiskal gəlirləri artıra bilər”.
AMB vurğulayır ki, 2022-ci ilin fevral ayından etibarən Rusiya və Ukrayna arasındakı münaqişə müxtəlif kanallarla qlobal maliyyə sisteminə təsir etməkdədir:
“Münaqişə ilə bağlı tətbiq edilən sanksiyaların indiyədək ölkəmizin bank sisteminə təsiri məhdud olub. Ümumilikdə, bu münaqişənin səbəb olduğu regional geosiyasi gərginliyin yaratdığı proseslərin maliyyə sisteminin dayanıqlığına potensial təsirini 5 istiqamətdə qruplaşdırmaq olar. Bunlar -xarici ticarət əlaqələrində pozulmalar, qlobal inflyasiyanın artması, qlobal enerji daşıyıcılarının qiymətlərinin artması, bank əməliyyatlarının icrasında çətinliklər və bank aktivlərinin məruz qaldığı risklərdir”.