“İsrail İslam torpaqlarına buraxılmamalıdır” - İran generalı Azərbaycanla sərhəddə təlimlər haqqında

Regionun dəyişən coğrafiyası İran üçün “qırmızı xəttdir”.

İranın ILNA agentliyi xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri, general-mayor Hüseyn Səlami Azərbaycanla sərhəddə keçirilən irimiqyaslı təlimlərdən danışarkən deyib.

O, bəyan edib ki, “İran dostluq və qardaşlıq siyasətinə sadiqdir, nə qədər ki, düşmənlər ona qarşı hiylə qurmasınlar”.

“Biz qonşularımızı əməkdaşlıq və qeyri-hərbi yanaşmalar vasitəsilə problemlərini həll etməyə təşviq edirik. Bizim bu regionda maraqlarımız var, ona görə də regionun hansısa guşəsində insident baş verərsə, maraqlarımıza təhlükə yaranarsa, o zaman biz bitərəf qalmayacağıq və öz maraqlarımızı müdafiə edəcəyik”, - deyə general əlavə edib.

İranın öz təhlükəsizliyini təmin etmək üçün prinsipial siyasətini vurğulayan SEPAH başçısı bildirib ki, regionun coğrafiyasının dəyişməsi İslam Respublikası üçün qırmızı xəttdir.

O, həmçinin bildirib ki, qonşu ölkələr “İsraili öz torpaqlarına buraxmamalıdırlar”.

“Qonşularımız iddia edə bilər ki, belə bir İsrail varlığı bizim təhlükəsizliyimiz üçün təhlükə yaratmır, lakin İsrailin təbiəti qeyri-müəyyənlik yaradır. Biz qonşu ölkələrə İsraili islam ərazilərindən uzaq tutmağı tövsiyə edirik, çünki o, qeyri-sabitliyi qızışdırmağa çalışır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ