Son günlər Rusiyanın Kiyevi bombalamasından sonra bir çox səfirliklər və konsulluqlar paytaxtı yenidən tərk etməyə hazırlaşdıqlarını bildiribdilər.
Azərbaycan səfirliyinin də yenidən təxliyə edilib-edilməyəcəyi və səfir Elmira Axundovunun vəzifəsinin başında olub-olmaması ilə bağlı Yenisabah.az saytı Kiyevdəki səfirliyimizlə əlaqə saxlayıb.
Saytın sorğusuna cavab olaraq səfirlikdən bildirilib ki, Elmira Axundova Kiyevdə deyil:
“Hazırda müvəqqəti işlər vəkili səfirliyə rəhbərlik edir”, - deyə cavabda bildirilib.
Xatırladaq ki, 24 fevraldan etibarən Rusiyanın Ukraynada həyata keçirdiyi genişmiqyaslı hərbi əməliyyatlar çərçivəsində bir çox ölkə səfirlikləri ilə yanaşı Azərbaycan səfirliyinin nümayəndələri də Ukraynanı tərk etmişdilər.