Bakı-Sumqayıt qatarlarının sayı az deyil, sərnişinlərin sayı çoxdur - Cavid Qurbanov

“Bakıdan Sumqayıta və əks istiqamətdə hərəkət edən sürət elektrik qatarlarının sayı deyildiyi kimi az deyil”.

“Report” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov bildirib.

“Sadəcə, sərnişinlərin sayı çoxdur”, - o deyib.

Qeyd edək ki, sentyabrın sonunda Sumqayıt-Pirşağı-Bakı istiqamətində qatarların sayı artırılıb. Qarşılığında Sumqayıt-Xırdalan-Bakı istiqamətində saat 07:45 qatarı ləğv edilib.

“Azərbaycan Dəmir Yolları" QSC-dən Abşeron dairəvi dəmir yolu xətti üzrə Sumqayıt-Xırdalan-Bakı istiqamətində saat 07:45 qatarının Sumqayıt-Pirşağı-Bakı istiqamətinə yönləndirilməsi ilə bağlı məsələyə aydınlıq gətirilib.

Qeyd olunub ki, sentyabrın 15-27-də Abşeron dairəvi dəmir yolu xətti üzrə həftəiçi ortalama gündəlik 23 104 nəfər sərnişin daşınıb, bunun 81 %-ni Bakı-Pirşağı-Sumqayıt, 19%-ni Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə sərnişindaşıma təşkil edib.

Xatırladaq ki, hazırda “Azərbaycan Dəmir Yolları” QSC-nin mövcud qatar parkında 9 ədəd elektrik qatarı mövcuddur. Bunlardan 1-i Bakı-Gəncə, 7-si Bakı-Sumqayıt istiqamətində hərəkətdədir. Biri isə ehtiyat qatar kimi saxlanılır və texniki baxışa göndərilən qatarın əvəzinə xəttə buraxılır.

Qeyd edək ki, hazırda Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarlar mövcud qatar parkının sayına uyğun olaraq ən qısa intervalla işləyir. Sərnişin sıxlığı nəzərə alınaraq yeni qatarların alınması istiqamətində işlər aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ