Baxmağa utandığımız Space TV bağlansın - Sosial şəbəkələrdə etiraz

Bu gün xalq arasında Hindistanın Azərbaycandakı rəsmi filialı adlandırılan Space TV-nin efirində etik qaydalardan kənar, biabırçı hadisə baş verib.

Telekanalının “Hər Səhər” verilişində  müğənni Rüfət Axundov və Rəşad İlyasov fonoqram oxuduğu zaman səslərinin efirə getmədiyini düşündükləri üçün mahnının sözlərini dəyişərək biabırçı ifadələr işlədiblər.

Daha sonra müğənni R.Axundov görüntülərin montaj olduğunu iddia edib.

“Kimsə düşmənçiliklə və ya zarafatla edibsə, yaxşı da alınmayıb. Məni tanıyanlar tanıyır ki, heç bir qalmaqalda yoxam. Bunun arxasınca getmək fikrim də yoxdur. Mən mahnımı oxumuşam, fonoqram gedib. Kimsə götürüb üstünə söyüş qoyubsa, ayıb olsun”.

Lakin onun bu əsassız iddiasına heç kim aldanmayıb, elə MTRŞ-nın özü də.

MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib ki, 5 aprel tarixində kanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib edilib və bununla bağlı iş məhkəməyə göndərilib.

Bütün bu məsələlərdə isə günahı səs rejissorunda gördülər. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, efir zamanı mikrofonları bağlamağı unudan səs rejissoru Etibar işdən qovulub.

Yəni müğənnilər ağızlarına yiyəlik edə bilmirlər, izləyicilərinə, tamaşaçılara hörmət etməyərək mahnının sözlərinin əvəzinə nalayiq ifadələr işlədirlər, ancaq buna görə heç kimin tanımadığı Elşadı işdən çıxarırlar...

Bəs o söyüşü söyən müğənnilərə hansı cəza veriləcək? Onlara efir qadağası qoyulacaqmı?

Bəs aparıcı? O bu sözlərə niyə gülür? Niyə özünü belə ucuz aparır?

Mədəniyyətimizə cavabdeh Mədəniyyət Nazirliyi susur, “Space TV”yə cavabdeh telekanal rəhbərliyi susur, sosial şəbəkə istifadəçiləri isə haqlı olaraq tənqidi mövqedən çıxış edirlər. 

Onların əksəriyyəti “Space TV”nin heç vaxt düzəlməyəcəyini və bu telekanalın elə digər əksər telekanallarla birgə çoxdan bağlanmalı olduğunu vurğulayıblar.

“Onlar sadəcə əmindirlər ki, “Space TV”yə heç kim baxmır?”, - deyə istifadəçilərdən biri yazır.

“Biz hara gedirik? Telekanallarda yalan, ikiüzlülük, mədəniyyətsizlik baş alıb gedir. Bunlara niyə bir söz deyən yoxdur”, - digər istifadəçi qeyd edir.

“Biabırçılıqdır. Xalqa heç bir hörmət qoymurlar”.

“Space TV kimi telekanallar bağlansın. Bizə belə telekanallar lazım deyil. Baxmağa utanırıq”, - daha bir istifadəçi etirazını bildiri.

Ümumilikdə götürdükdə isə bu Azərbaycan televiziyasında nə birinci, nə də sonuncu rəzalətdir. Əslində Azərbaycan televiziyası çoxdan izləyicilərini itirib. Və bugünkü hadisə bir daha onu göstərdi ki, telekanalları tamaşaçılar maraqlandırmırlar. Onlar bu gün izləyicilərin rəğbətini qazanmaq üçün heç bir iş görmürlər. 

Vətəndaşların maariflənməsinə birbaşa cavabdeh olan TV-lər bu gün Zaur, Xoşqədəm kimi aparıcılarla, eyni hind filmini həftədə 3-4 dörd dəfə verməklə efiri doldurur. Lakin, bu ilk növbədə onların özünə ziyandır. Çünki onların onsuz da az sayda olan tamaşaçıları, daha da azalır.

Vətəndaşları indi yeganə bir sual maraqlandırır. Bu biabırçılıq nə vaxta qədər davam edəcək? Nə vaxt onlar yerli telakanalları səviyyəli, intellektual verilişlər izləyə biləcəklər?

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ