Nazirlik şəhid qardaşına verilən arayışa aydınlıq gətirdi

“Şəhidimiz Səbuhi Əhmədovla bağlı mediada yayılmış arayışla əlaqədar bildiririk ki, qeyd edilən sənəd “Şəhid” və şəhidin ailəsinə “Şəhid ailəsi” statusunu müəyyən edən şablon arayış formasıdır”.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

“Göründüyü kimi bu arayışda şəhidimizin hər hansı bir ailə üzvü barədə məlumat yazılmayıb. Şəhidin ailə üzvü kimi rəsmi statusun tanınması “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna uyğun olaraq həyata keçirilir.

Qanunvericilikdə bu güzəştlərdən şəhidin:

- həyat yoldaşı;

- valideynləri;

- 18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək) uşaqları;

- 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları;

- 18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək) uşaq evlərində tərbiyə olunan qardaş və bacıları;

- qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələri istifadə edir.

 Şəhidimizin qardaşı Sənanın 27 yaşı olduğundan qanunvericiliklə sözügedən imtiyazlı kateqoriyadan olan şəxs hesab olunmur.

Buna baxmayaraq dövlətin qayğısının bir daha təzahürü olaraq Sənan Əhmədovun sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün nazirlik hazırda mümkün olan təklifi – sosial tərəfdaş vasitəsilə təqdim olunan 1 otaqlı mənzili ona təklif edir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ