2022-ci ilin 6 ayında 17 528 nəfər heyvan dişləməsinə görə müraciət edib.
Bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiyalar şöbəsinin müdiri Ceyran Cəfərova Səhiyyə Nazirliyinin canlı yayımında "Quduzluq" mövzusunda danışarkən deyib.
Onun sözlərinə görə, bunun 3743 nəfəri Bakının payına düşür: “14900 nəfər it, 2015 nəfər pişik, 322 nəfər siçovul, 300-ə yaxın adamı isə digər heyvanların dişləməsi ilə bağlı müraciət edib”.
Ceyran Cəfərova qeyd edib ki, bu günə qədər ölkədə insanlar arasında heç bir quduzluq xəstəliyi aşkar edilməyib.
O əlavə edib ki, ovçular arasında profilaktik quduzluq peyvəndləməsi aparılır:
“Quduzluq təkcə dişləmə deyil, həm də zədələmə (cırmaqlama), tüpürcək yolu ilə də keçir. Quduzluğa qarşı peyvənd Azərbaycanda peyvəndləmə təqviminə daxil edilməsə də profilaktik tədbir olaraq ovçular arasında aparılır. Dişləmə nahiyəsi sinir sisteminə nə qədər yaxındırsa müalicə kursu uzadılır. Burada vaksinin vurulması ilə aparılan müalicədən söhbət gedir. Vaksinlər xəstəni bir ilə qədər qoruyur. Adətən üç, daha ciddi vəziyyətdə və ya dişləyən heyvan özünü şübhəli apardıqa beş vaksin vurulur. Quduzluq peyvəndi vurulduqdan sonra şəxs bir müddət qidalanmasına fikir verməli, spirtli içkilərdən uzaq olmalıdır”.