Elmar Məmmədyarov: Mən həmişə bizim erməni dostlarımıza sual verirəm

“Mən həmişə bizim erməni dostlarımıza sual verirəm. Onlara deyirəm, bax budur, 30 nildir münaqişə gedir, zəhmət olmasa mənə deyin ki, Ermənistan vətəndaşları bundan nə əldə etdilər? Bu gün 40 faizi keçən yoxsulluqdan, perspektivlərin yoxluğundan, demoqrafik vəziyyətin fəlakət həddində olmasından və ən ağıllı insanların ölkəni tərk etməsindən başqa...”

Buta.media-nın məlumatına görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “Moskva-Baku” portalına müsahibəsində deyib. Nazir ötən gün Moskvada MDB xarici işlər nazirlərinin toplantısına qatılıb.

Məmmədyarovun fikrincə buradan belə nəticə çıxır ki, münaqişəni həll etmək lazımdır. Onun sözlərinə görə, burada fələsəfə sadədir və Azərbaycan dəfələrlə o haqda danışıb: “Sən torpağı götürüb Aya qaça bilməzsən. İstənilən haıda normal qonşuluq münasibətləri yaratmalısan”.

Nazir hesab edir ki, erməni diasporunun Ermənistana real dəstək verib Yerevana iqtisadi böhrandan çıxmağa kömək edəcəyi haqda fikirlər xülyadır.

“Vaxtaşırı olaraq Ermənistanda deyirlər: bax budur, diaspor bizə kömək edəcək. Sual olunur, uşaqlar, ailəsi ilə birlikdə Amerika vətəndaşlığından imtina edib 90-cı illərdə Ermənistana köçən Vardan Oskanyandan başqa (keçmiş xarici işlər naziri) diaspordan kim gəlib? Onlardan kim sizə pul verib? Deməli etimad yoxdur. Paşinyan “iqtisadi inqilab” elan edir. Hansı “iqtisadi inqilab”dan söhbət gedə bilər ki, sənin dörd qonşundan ikisi ilə sərhədin bağlıdır?”-Məmmədyarov deyib.

Nazir hesab edir ki, indiki Ermənistan rəhbərliyi öz əhalisini qonşularla sülhə inandırmalıdır. “Bu gün top ermənilərin tərəfindədir-onlar öz əhalisini sülhə inandırmalıdır. Onlar hərdən deyirlər-oy, bilirsiniz, Qarabağda elə mürəkkəb adamlar yaşayır ki...Uşaqlar, amma bu sizin probleminizdir. Siz adamlara izah etməlisniz ki, Azərbaycanla sülh olmasa Ermənistanın gələcəyi yoxdur”-Azərbaycan XİN rəhbəri qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ