PKK terrorçuları Naxçıvanla sərhədə yerləşdirilir

22 yaşlı Məhsa Əmininin polis bölməsində döyülərək öldürülməsindən sonra İranda genişmiqyaslı etiraz aksiyaları davam edir. Bu vəziyyətdən istifadə edən Kürdüstan Fəhlə Partiyası (PKK) terror təşkilatının üzvləri İran ərazisinə daxil olmağa başlayıblar.

Məlumdur ki, İran ordusu artıq ölkə ərazisində yerləşdirilən PKK ilə əlaqəli silahlı qrupların mövqelərinə artilleriya zərbələri endirib.

“Türkiyə” qəzetinin məlumatına görə, Təbriz Araşdırma İnstitutunun direktoru Əli Rza Hayet İranda mövcud ictimai-siyasi gərginlik dövründə PKK-nın türklərin, yəni güney azərbaycanlıların yaşadığı bölgələrə qarşı təhdidlərinin xüsusilə artdığını bildirib.

Onun sözlərinə görə, PKK və ona bağlı olan digər kürd separatçı təşkilatları öz xəritələrində Güney Azərbaycanın Urmiya, Maku, Salmas, Sündüz, Xoy kimi şəhərlərini yerləşdiriblər. Ekspert bildirir ki, təcili tədbirlər görülməsə, PKK-nın silahlı dəstələri bu vilayətlərdə etnik azərbaycanlılara qarşı qətliam törədə bilər.

“Hazırkı etirazlar yatırılsa belə, hələ də İranda daxili siyasi sabitlik üçün əsas yoxdur və olmayacaq”, - Hayet deyib. “Ayətullah rejimi öz mövcudluğunu davam etdirməkdə getdikcə daha çox çətinlik çəkir. Küçə etirazları güclü üsyan dalğaları ilə Xamenei rejimini sarsıtmağa davam edəcək. Belə bir vəziyyətdə biz İran xalqı ilə birlikdə xalqımızın təhlükəsizliyini düşünməliyik. PKK və onun İran qolu PJAK türklərin yaşadığı Urmiya şəhərini ələ keçirmək istəyir. Digər tərəfdən, İranda, eləcə də Şimali İraq və Suriyada öz nəzarətlərində olan bölgələr yaratmağa çalışırlar”.

Tehranın uzun illərdir həm Türkiyəyə, həm də Azərbaycana qarşı düşmənçilik siyasəti yürütdüyünü deyən analitik qeyd edib ki, hazırda baş verənlər rejiminin türklərə qarşı siyasətinə cavabdır.

Hayet hesab edir ki, heç bir şübhə yoxdur ki, PKK Kürdüstan dövləti yaratmaq planlarını həyata keçirir. Bütün bunlar “İran Kürdüstanı”nı Şimali İraq və Suriyadakı kürd muxtar bölgələri ilə birləşdirmək və Türkiyənin cənub-şərqini də əhatə edən “Böyük Kürdüstan” yaratmaq üçün gələcək planların tərkib hissəsidir.

Onun sözlərinə görə, Türkiyə İranla sərhədlərinin təhlükəsizliyini gücləndirməli, Güney Azərbaycanda yaşayan türklərin təhlükəsizliyi sahəsində müəyyən addımlar atmalı, hətta burada bufer zonalar yaratmalıdır.

Güney Azərbaycandan olan araşdırmaçı Mesut Xaray “Türkiyə” qəzetinə açıqlamasında bildirib ki, PKK-nın məqsədi İran və Naxçıvanla həmsərhəd ərazilərə, eləcə də Azərbaycanla sərhəddə yerləşən vilayətlərə nəzarət etməkdir. Onun sözlərinə görə, İran uzun müddətdir Urmiya, Çaldıran, Salmas, Maku və Xoy ərazilərində PKK/PJAK-ın təlim düşərgələrinin yaradılmasına göz yumub. 44 günlük müharibədə Qarabağın Azərbaycan ordusu tərəfindən azad edilməsindən sonra PKK/PJAK ünsürləri Naxçıvan, İran və Azərbaycan arasındakı Cirmi, Biləsuvar, Xiyav və Muğan bölgələrinə yerləşdirilib.

Güney Azərbaycandan olan tədqiqatçı bildirib ki, “son zamanlar bu bölgələrə kürdlərin intensiv köçü var”. 

“PKK/PJAK öz təlim düşərgələrini yaradır. Onlar İranda mərkəzi hökumət zəifləsə və ya devrilsə, Ağrı-Van sərhəd xəttinin İran tərəfindəki Üçnəviyə bölgəsindən başlayaraq, Salmas, Xoy və Urmiyadan Şotaya qədər əraziləri ələ keçirməyi planlaşdırırlar.

Bununla yanaşı, PKK digər kürd qrupları ilə birlikdə Şimali İraqa bağlı Bane, Mahabad, Piranşehr və Serdeşt bölgələrini də nəzarət altına alacaq. Bir sözlə, Türkiyənin İranla əlaqələri kəsiləcək, PKK Naxçıvan da daxil olmaqla, İranla Türkiyə və Azərbaycanda yaşayan azərbaycanlıların təmas nöqtələrinə nəzarət edəcək”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ