Əllərindəki qotura bənzər səpgilərə görə 3 saylı Uşaq Dəri Zöhrəvi Dispanserinə yerləşdirilən azyaşlılar müalicə olunmadan sığınacağa qaytarılıblar.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə məlumat yayıb. O qeyd edib ki, dispanserə aparılarkən səpgi uşaqların təkcə əllərində vardı, indi isə bütün bədənlərinə yayılıb:
“Sığınacağımıza yeni yerləşdirilən uşaqlar tibbi müayinədən keçirilərkən dermatoloq əllərindəki səpgilərin qotura oxşadığını bildirdi. Ona görə də dörd gün öncə bu uşaqları 3 saylı Uşaq Dəri Zöhrəvi Dispanserinə yerləşdirdik. Daha sonra bizdən dərman istədilər, onu da apardıq, hətta uşaqların yanına bir könüllümüzü də qoyduq. Nəticədə isə bu görüntülər ortaya çıxdı. Necə “güclü” müalicə aparılıbsa, əvvəl səpgi təkcə əllərində idi, indi bütün bədənlərinə yayılıb. Uşaqlar “sağlamdır” diaqnozu ilə sığınacağa göndəriliblər.
Məqsəd nədir? Niyə xəstələrə, özü də uşaq olan pasiyentlərə etinasız yanaşılır? Mütəxəssislərinizi təcili göndərin, bu körpələri harada istəyirsiniz, müalicə edib sağaldın və bizə təhvil verin”.