Son günlər yeraltı nəqliyyatdan istifadə edən hər kəs metroda sıxlığın artdığından, hətta hərəkət etməyin çox çətin olmasından şikayətlənir. “Bakı Metropoliteni” də vəziyyəti təsdiq edir.
Bəs problemdən çıxış yolu nədir?
Sərnişinlər bildirirlər ki, son günlər hətta elə olur ki, sıxlıq ucbatından metroya daxil ola bilmirlər, hətta sıxlığa görə halı pisləşənlər də az olmur.
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov “Xəzər Xəbər”ə son günlər metroda sıxlığın daha çox artdığını təsdiq edib. Onun sözlərinə görə, buna səbəb ümumilikdə şəhərdəki sıxlığın artmasıdır.
Bəxtiyar Məmmədovun sözlərinə görə, sıxlığı aradan qaldırmaq üçün görüləcək işlərdən ən əsası yeni stansiyaların tikintisidir.
Metropoliten sözçüsü deyir ki, əgər son günlərdəki sıxlıq bir az da davam edərsə, platformalardakı insan yükünü azaltmaq üçün stansiyalara girişin məhdudlaşdırılmasına başlanılacaq. Vaqonlar arasındakı iki dəqiqəlik məsafəyə uyğun sərnişinlərin stansiyalara az-az buraxılması təmin ediləcək.