Mövlam Şixəliyevin general rütbəsi alınıb, 12 il həbs cəzası verilib

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyevin rütbədən məhrum edilməsi barədə qərar çıxarılıb.

Report xəbər verir ki, bu barədə qərar Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, Mövlam Şıxəliyevin general-mayor rütbəsindən məhrum edilməsi barədə Prezidentə təqdimat göndərilib.

Məhkəmənin hökmü ilə Mövlam Şıxəliyev 12 il müddətinə azadlıqdan məhrum olunub. Bundan başqa, onun və ailə üzvlərinin adına rəsmiləşdirilmiş əmlaklar müsadirə olunub. Məhkəmə həmin əmlakları dövlət nəfinə keçirilməsi barədə hökm çıxarıb.

İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ