Quşlar Azərbaycanda iki institutu üz-üzə qoydu

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutu bəzi quşların adının dəyişdirilməsinin Dilçilik İnstititunun rəhbərliyi tərəfindən təxribat adlandırılmasına münasibət bildirib.

Buta.media-nın məlumatına görə, institutun direktoru Elman Yusifov “Report”a açıqlamasında deyib ki, heç bir quş növünün adı hələ rəsmi şəkildə dəyişdirilməyib.

Onun sözlərinə görə, bu məsələ mövcud prosedur qaydaları əsasında həll olunur: “Biz sadəcə təkliflər vermişik”.

“İnanmıram ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu məsələnin təxribat olması ilə bağlı fikir bildirsin. Ola bilsin ki, məsələ barədə məlumatlı deyil və ona görə də belə danışıb”, - institut direktoru bildirib.

E.Yusifov vurğulayıb ki, məsələ ilə bağlı müzakirələr davam edir: “İşlər yekunlaşdıqdan sonra təkliflər aidiyyəti institutlara göndəriləcək. Sadəcə bir növ quşun bir neçə adı var və hər mütəxəssis də öz fikrini müdafiə edir. Ona görə də mübahisəli olan bütün adlarla bağlı məsələni həll etmək üçün komissiya yaradılıb.

Prosedur qaydalarına görə alimlər təkliflər irəli sürəcək, daha sonra təkliflər bölmədə yaradılan komissiyaya göndəriləcək, ardınca yekun qərar Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına gedəcək. Odur ki, bunu təzə problem kimi qəbul etmək düzgün deyil”. 

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının iclasında müzakirəyə çıxarılmış 20 quş növünün adı ornitoloqlar tərəfindən dəyişdirilib. Bu siyahıda olan əvvəlki adı ilə maygülü, böyük qartalça, ördəktutan qızılquş, qəşəng durna kimi quşların yeni adları sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ