Bakının Zabrat qəsəbəsində zibil yeşikləri avtobus dayanacağı nişanının olduğu əraziyə qoyulub.
Xezerxeber.az-ın məlumatına görə, ona görə də sərnişinlər konteynerlər olan yerdən avtobusa minirlər.
Söhbət Sabunçu rayonu, Zabrat qəsəbəsinin əsas yolundan gedir.
Zabrat-Maştağa şossesində dayanacaqlardan birinin düz yanına zibil yeşikləri qoyulub.
Avtobuslar üçün nəzərdə tutulan dayanacağa tullantıların atılması üçün 3 ədəd konteyner qoyulub.
Sərnişinlər eyni ərazidə dəqiqələrlə avtobus gözləyir, ictimai nəqliyyata minib-düşürlər.
Sərnişinlər yeşiklərin yerinin dəyişdirilməsini, üstəlik, burada dayanacağın quraşdırılmasını istəyirlər.
Məsələ ilə bağlı Sabunçu Rayonu İcra Hakimiyyətinin Zabrat qəsəbəsindəki nümayəndəliyindən bildirilib ki, həmin konteynerlər dolmadan mütəmadi olaraq tullantılar daşınır. Yəni ərazidə antisanitar vəziyyətin yaranmasına imkan verilmir.
Konteynerlərin niyə dayanacaq nişanı olan əraziyə qoyulmasına gəldikdə isə bildirilib ki, həmin hissədə sıx məskunlaşma olduğundan yer məhdudiyyəti var. Əvvəllər həmin yeşiklərin yeri dəyişdirilsə də, sakinlər buna ciddi etiraz edərək elə həmin hissəyə qoyulmasını istəyiblər. Nümayəndəlikdən bildirildi ki, əgər sakinlər razılığa gəlsə və özləri uyğun bir yer seçsələr, yeşiklərin yerini dəyişə bilərlər.