Məktəb direktoru baldızını təhdid edərək onunla kəbin kəsdirib? - foto

Yardımlı rayonunun Arvana kənd orta məktəbinin direktorunun öz həyat yoldaşının bacısını kəbin kəsdirməyə məcbur etməsi, onu təhdid etməsi ilə bağlı iddialar yayılıb. 

Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, həmin şəxs qadını boğaraq zorla arvadı olmağa məcbur edib. Qadın isə öz uşağı ilə birlikdə qaçaraq sözügedən birliyin sığınacağına yerləşib: 

“Yardımlı rayonundan bir nəfər qadın uşağı ilə ayaqyalın qaçıb Bakıya gəlib. Səbəb sap-sağlam olan bacısının mövcud ərinin onu evlənməyə məcbur etməsi, ailəsinin – ata və qardaşının bu izdivacda həmin "ərə" yardım etməsidir. Həmin şəxs qızın xəbəri olmadan kəbin kəsdirib və deyib ki, sən mənim kəbinli arvadımsan. "Ər" qızı boğaraq zorla onda ərdə olmasını tələb edib. Orta əsr qaydalarını icra edən gələcək "ər" Arvana kənd məktəbinin direktorudur”.

M. Zeynalova həmçinin qeyd edib ki, Yardımlı Rayon Polis əməkdaşı zəng edərək sığınacağın ünvanını, qadının orada olub-olmamasını öyrənib və ailəyə kömək edərək onları sığınacağa gətirib:

“Xəbərdarlıq etdim ki, yeri qətiyyən onlara bildirməyin. Üstündən 3 saat keçməmiş bizim bu polis əməkdaşı bütün nəsli yanına alıb gəlib qapıya. Əməkdaş polisi yeri bildirməmək kimi məsuliyyətlə bağlı məlumatlandırsa da, cavabında həmin şəxs “adam axtarışa verilib, gətirməliydim” deyib. Qardaş polisin yanında hədə-qorxu gəlib əməkdaşımıza, amma polis hədənin qarşısını almayıb”.

M. Zeynalova bildirib ki, həmçinin qadının və uşağın sənədlərini ailəsi girov kimi saxlayıb və özünə verməkdən imtina edir. 

Sadalanan ittihamlarla bağlı Arvana kənd orta məktəbinin direktoru Kamran İsayev bildirib ki, sözügedən ittihamlar doğru deyil.

“Hamısı şərdir, böhtandır, mən o barədə danışmaq istəmirəm. Kəbin-filan da kəsilməyib. Orada yüz söz yazılıbsa, onun 10-u düzdür, 90-ı yalandır...”

Mehriban Zeynalova isə əlavə edib ki, direktor sığınacağa gəlməsi ilə bağlı məlumatı təkzib edib. Amma o, direktorun sığınacağa gəldiyini əks etdirən görüntüləri paylaşıb:

Daxili İşlər Nazirliyi məsələni nəzarətə götürüb, hazırda Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ