MİDA-dan ev almaq bu dəfə niyə baş tutmadı?

“Baxıram ki, bir çoxu yazıb ki, MİDA sistemi çöküb. Bu, doğru deyil. Çökən MİDA-ya qədər olan sistem - Asan Login sistemidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz sosial şəbəkə hesabında “Güzəştli mənzillər”in satış sistemində yaranan problemə münasibət bildirərkən qeyd edib.

O qeyd edib ki, əslində buna çökmək demək olmaz: “Sadəcə, cavabdeh şəxslər satışdan öncə müəyyən ediblər ki, Asan Loginə edilən müraciətlər normalda olduğundan kəskin artıb. Onlar da doğru olaraq bunu kiberhücum olaraq dəyərləndiriblər və satışı məqbul hesab etməyiblər. Yəni satışın dayandırılması təklifini Asan Loginə cavabdeh qurum, Elektron Hökumətin İnkişafı Mərkəzi, onun səlahiyyətli nümayəndəsi verib. Yeri gəlmişkən, satış prosesinə az qalmış eGov Mərkəzin rəsmi nümayəndəsinin rəsmi açıqlama verərək problemin MİDA-da deyil, Asan Logində olmasını bildirərək rəngi qaçmış və bir qədər də yazıq görkəmdə olan MİDA nümayəndələrini "xilas" etməsini müşahidə etmək də bir ayrı məsələ idi”.

Osman Gündüz problemin haradan qaynaqlandığının bilinmədiyini bildirib: “Problem hardadır? Anlaşılmaz odur ki, nə üçün dövlət resursuna ola biləcək təhdid, kiberhücum öncədən nəzərə alınmayıb? Kiberhücum haradan olub, daxildən, ya xaricdən? Bunun ötən satışın ləğvi ilə hər hansı əlaqəsi varmı? Bəlkə də Azərbaycan-Ermənistan sərhədində baş verənlərlə bağlıdır? İndi adi bir proqramçı da pulsuz resurslardan istifadə edib DDoS hücum təşkil edə bilərsə, görəsən nə üçün məsul şəxslər bunu nəzərə almayıblar? İndi bu tip hücumları zərərsizləşdirməyin heç bir problem olmadığı bir zamanda aidiyyəti qurumların səhlənkarlığı təəssüf doğurur”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ