“Mən II qrup əliləm. İşləyirəm, ipoteka ilə ev almaq üçün müraciət etmişdim. Lakin zəng etdilər ki, sizə əlil olduğunuza görə ipoteka krediti verə bilmərik...”
“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədəki “Əngəlsiz həyat üçün” qrupunda Taleh adlı vətəndaş yazıb. Onun sözlərinə görə, buna səbəb heç bir sığorta şirkətinin əlilləri həyat sığortası etdirmək istəməməsidir.
Kiçik bir araşdırma zamanı məlum oldu ki, sosial şəbəkədə bu qəbildən xeyli şikayət var. Müəyyən əlilliyi olan şəxslər dövlət hesabına ipoteka kreditindən kənarda qalırlar.
Bəs bu məsələ qanunvericilikdə necə tənzimlənir? Əlil vətəndaşa ipoteka krediti verilməsindən imtina oluna bilərmi?
İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, dövlət vəsaitləri hesabına verilən ipotekanın iki forması var: adi və güzəştli ipoteka. Güzəştli ipoteka xüsusi kateqoriyaya – sosial qruplara daxil olan insanlara aid edilir. Adi ipotekadan isə hər bir Azərbaycan vətəndaşı yararlana bilər. O şərtlə ki, onun gəlirləri ipotekanın aylıq ödənişini icra etməyə yetsin: “Əlillər güzəştli sosial qrupa daxil edilmir. Hökumət düşünür ki, əksər əlillərin mənzil təminatı, yaşayış şəraitinin yaxşılaşdırılması və digər məsələləri hökumət icra edir. Bununla bağlı müxtəlif təminat (müharibə iştirakçısı olan əlillərə aid və digər) proqramları var. Əksər hallarda onlar sosial müavinət və taqaüd alırlar. O əlillər ki, özləri müəyyən əmək fəaliyyəti ilə məşğuldurlar, sahibkardırlar, əlavə gəlirləri var, gəlirlərini göstərməklə digər Azərbaycan vətəndaşları kimi ipoteka hüququndan yararlana bilərlər. Bununla bağlı qanunvericilik hər hansı məhdudiyyət yaratmır”.
Mütəxəssis hesab edir ki, bizim qanunvericilikdə birinci qrup əlillərlə bağlı məsələdə problem var. Əksər hallarda onların xəstəlik kağızlarında “əmək fəaliyyətsiz” qeyd olunur. Bu yanaşmada dəyişikliklə bağlı artıq müəyyən irəliləmə hiss olunur. Faktiki olaraq, əksər birinci qrup əlillər müxtəlif sferalarda fəaliyyət göstərə bilərlər. Ona görə də mərhələli şəkildə onların vəsiqələri, xəstəliyin təyinat kağızları dəyişdirilir və orada “qismən əmək fəaliyyəti” ifadələri yer alır. Bu proses dərinləşdikcə, birinci qrup əlillər də daha aktiv şəkildə özlərini alternativ gəlirlərlə təmin edə biləcəklər və digər Azərbaycan vətəndaşları kimi ipoteka hüququndan yararlana biləcəklər:
“Əlillər, o cümlədən, I qrup əlillər peşə məşğuliyyətinə cəlb olunur. Məsələn, şəxs əlil arabasındadır, lakin kompüter texnologiyalarından rahat şəkildə istifadə etməyi bacarır. O, sabah özünüməşğulluq proqramına müraciət edəndə, cavab olur ki, sənədinizdə “əmək fəaliyyətsiz” yazılıb. Bir tərəfdən dövlət pul ayırıb peşə təliminə cəlb edir, digər tərəfdən isə onlar işləyə bilmirlər. Burada ziddiyyət var. Bunun aradan qaldırılması ilə ƏƏSM və müvafiq təşkilatlar arasında müzakirələr aparılır. Artıq bu çərçivədə dəyişiklik prosesi başlayıb. Əlillər müraciət etməklə, təkrar komissiyadan keçməklə, öz sənədlərini dəyişdirirlər”.
Ekspert əlavə edib ki, gəlirlər aylıq ipoteka ödənişini icra etməyə təminat verməlidir. Burada mexanizm o şəkildə qurulub ki, bütün məsuliyyət müvəkkil bankların üzərindədir:
“Banklara əlahiddə səlahiyyət tanınır. Çünki bizdəki mexanizmdə bankların üzərinə bütün məsuliyyət qoyulur. Vətəndaş krediti ödəməsə, bank İpoteka Fondu qarşısında öz öhdəliyini yerinə yetirməlidir. Belə olan təqdirdə banklar özləri həm adi, həm də güzəştli kredirtlərə münasibətdə müəyyən kriteriyalar formalaşdırırlar. Nəticədə banklar daha çox yüksək gəliri olan sosial qruplara üstünlük verirlər. Bu günə qədər verilən ipotekanın strukturuna da baxsanız görərsiniz ki, Azərbaycan üçün daha yüksəkgəlirli hesab edilən sosial qrupun aldığı mənzillər fondun 70 fazinin üzərindədir.
Siz əlilsiniz, buna görə ipoteka krediti vermirik” deyə hüquqi çərçivə yoxdur. Banklar əlilliyi risk kimi qiymətləndirirlər, ona görə belə qərar qəbul etmə hüquqları var. Daha yaxşı olar ki, bu məsələ qanunvercilikdə öz əksini tapsın. Dövlət vəsaiti hesabına verilən ipoteka kreditlərində istifadə qaydalarında, istifadə edən sosial qrupların siyahısında bu məsələ öz əksini tapsa yaxşı olar”.