Ölkəmizin müdafiə qabiliyyətini daha da gücləndirəcəyik - Prezident

XXI əsrin müharibəsini aparmış Azərbaycan Silahlı Qüvvələrinin döyüş təcrübəsi bu gün inkişaf etmiş ölkələrin hərbi mərkəzlərində diqqətlə öyrənilir. Son dərəcə çətin relyef şəraitində ən müasir döyüş silahlarını tətbiq etməklə Azərbaycan Silahlı Qüvvələri düşmənin möhkəmləndirilmiş müdafiə xətlərini yarmış və sürətlə irəliləyərək cəmi 44 gün ərzində onu təslim olmağa məcbur etmişdir. Azərbaycanın tarixi qələbəsi göstərdi ki, hərbi sahədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün müasir ordu quruculuğu, ölkənin hərbi qüdrətinin yüksəldilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi son dərəcədə əhəmiyyətlidir.

Bu sözlər Prezident İlham Əliyevin Dördüncü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin iştirakçılarına müraciətində öz əksini tapıb.

“Azərbaycan Respublikası öz Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasına və maddi-texniki bazasının gücləndirilməsinə daim xüsusi önəm verir. Ölkəmiz hərbi-texniki sahədə dünyanın qabaqcıl dövlətləri ilə əməkdaşlığını inkişaf etdirməklə yanaşı, milli müdafiə sənayesi sahəsində də imkanlarını genişləndirir. Hazırda Azərbaycan aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın 50-dən çox ölkəsinin aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edir, ölkəmizin müdafiə sənayesi müəssisələrində istehsal olunan məmulatların həcmi ildən-ilə artır.

Biz, qarşıdan gələn dövrdə də müasir silah, hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər maddi vasitələrin istehsalına xüsusi diqqət yetirməklə Azərbaycan Silahlı Qüvvələrini və ölkəmizin müdafiə qabiliyyətini daha da gücləndirəcəyik”, - dövlət başçısı qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ