DJ Tural qayda pozub?

Son günlər aparıcı DJ Turalın hava limanında avtomobilini park etməsi sosial şəbəkədə qızğın müzakirələrə səbəb olub. İstifadəçilərin bəziləri DJ Turalı qaydaları kobud şəkildə pozmaqda ittiham edib. Onlar qeyd ediblər ki, aparıcı daim verilişlərində sürücüləri qayda pozduqlarına görə tənqid etsə də, özü də riayət etmir. Bir qrup istifadəçi isə Turalın avtomobilini bu formada park etməklə heç bir qayda pozmadığını bildiriblər.

“Qafqazinfo” məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin baş inspektoru, polis mayoru Araz Əsgərli ilə əlaqə saxlayıb.

Araz Əsgərli qeyd edib ki, heç kim qayda pozmaqdan sığortalamayıb: “Tural Yusifov da qayda poza bilər, Araz Əsgərli də, başqası da. Hamımızın  əsas məqsədi isə qaydaları pozmamaq və nizam-intizamın qorunmasını təmin edənlərə dəstək olmaq və düzgün formada təbliğat aparmaqdır. Təəssüf ki, cəmiyyətimiz üçün bu qədər faydalı məlumatlar verən və həmişə sürücülərin və digər hərəkət iştirakçılarının hüquqlarını qorumağa çalışan Turalın hava limanının qapalı parkinq üçün nəzərdə tutulan yerində avtomobilini saxlaması yersiz olaraq geniş müzakirə olunur”.

O vurğulayıb ki, Yol hərəkəti haqqında qanunun 52 və 53-cü maddələrinin və İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinin bu situasiyada pozulmasından söhbət gedə bilməz:

“Turalın avtomobilini saxladığı yer nə təhlükəsizlik adacığıdır, hərçənd ki o da yollarda olur, parkinqlərdə yox. Əlillər üçün parklama yeri də deyil ki, deyək, orada saxlayıb qaydaları pozub. Qeyd olunan xətləmə qrafiki parkinqin sırasının sonunda dönənlər üçün sərhəd kimi müəyyənləşdirilib. Lakin belə bir standart qanunumuzda nəzərdə tutulmayıb. Tutulmayıbsa, deməli, məsuliyyət müəyyən etmir. Əsas odur ki, avtomobil eyni ardıcıllıqla və heç kimə maneə yaratmadan nəzərdə tutulan parkinqdə saxlanılıb. Nəzərə alsaq ki, həmin dayanacaq ödənişlidir, oranın əmək haqqı alan əməkdaşları var və strateji obyektdir, yəni problem yaranan kimi dərhal müdaxilə etmək imkanları var. Deməli bu cür müzakirələr faydasızdır”.

Araz Əsgərli qeyd edib ki, qarşıda bizi ağır bir period gözləyir: “Hansı ki, Bakının bitməyən dayanma-durma və qanunsuz parklama problemləri ilə üzbəüz qalacağıq. Məsuliyyətsiz sürücülər yolların hərəkət hissəsini, səkiləri min bir bəhanə ilə zəbt edəcək görək ondada belə müzakirələri ictimai məsuliyyətlə aparan, ictimai qınağı düzgün şəkildə edən neçə nəfər tapacağıq?! Elə fürsətdən istifadə edib gəlin indidən çox gecikmədən bu məsələlərin təbliğatına başlayaq! Həm faydalıdır, həmdə son dərəcə vacib!”.

Məsələ ilə bağlı Dj Tural son paylaşımında istifadəçilərdən birinin şərhini belə cavablandırıb: “Kiməsə, nəsə açıqlama vermək məcburiyyətində deyiləm. Açırlar kitabı, baxırlar qanuna, xəttə, nişana və sonra danışırlar. Hər boş şeyə fikir bildirsəm mənim özümə zamanım qalmaz”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ