Bakı polisi geylərin ovuna başladı: Görüş yerinə çağırıb qandallayırlar

Dünən aprelin 1-i axşam saatlarında Bakı şəhərində bir neçə transgender və gey fərd polis tərəfindən müxtəlif polis bölmələrinə aparılıb. 

Buta.media-nın məlumatına görə, bunu adlarının açıqlanmasını istəməyən LGBTQ (Lezbiyan, Gey, Biseksual və Transseksual) icma üzvləri minorityaze-a deyiblər.

Onlardan biri aldadılaraq, seks xidmətləri göstərməsi məqsədilə otelə dəvət olunub və orada 40-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. 

“Görüş yerinə bizi çağırıb çatanda, elə ordaca qandallayıb apardılar.”

Məlumatda bildirilir ki, saxlanılan və cərimələnən şəxslərin sayı ən azı 15 nəfərdir. Onlar həmçinin məcburi tibbi müayinəyə Dəri-Zöhrəvi Dispanserinə göndərilib. Lakin saxlanılmaların səbəbi hal-hazırda məlum deyil. Əlavə olunur ki, polis İnternet şəbəkəsi vasitəsilə transgender şəxsləri “ovlamağa” çalışır. 

Saxlanılan şəxslərin sonradan Binəqədi Rayon Polis idarəsinə aparıldığı məlumatda qeyd olunur.

Bildirilir ki, onlardan ən azı bir neçəsi İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə ( Xırda xuliqanlıq) əsasən cərimələnib. Həmçinin İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə (Polisin qanuni əmrinə tabe olmamaq) əsasən 30 sutka həbs cəzası alan şəxslərin olduğu qeyd edilir.

Xatırladaq ki, 2017-ci ilin sentyabrında da oxşar hadisələr baş vermişdi. Onlarla icma üzvü həbs olunmuş və cərimələnmişdi. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ