Masallı rayonunda törədilən dəhşətli qətlin bəzi təfərrüatı məlum olub.
Buta.media xəbər verir ki, hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, meyiti parçalandığı və Azərbaycanın üç rayonunda basdırıldığı ehtimal edilən Cəlilabad rayon sakini 25 yaşlı Sahib Mahmudov “cinayət ortaqları” tərəfindən öldürülüb.
Buna səbəb isə S.Mahmudovun “ortaq”larını işlədikləri cinayəti polisə etiraf etməklə, onları hüquq-mühafizə orqanlarına təslim etməklə hədələməsi olub.
Dəstə üzvləri cinayətlərinin üstünün açılması təhlükəsindən azad olmaq üçün onu öldürmək qərarına gəliblər.
Cəlilabad rayonu hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, hələlik saxlanılan şəxslərin ifadələri təsdiqini tapmayıb, yəni S.Mahmudovun meyitinin heç bir hissəsi tapılmayıb. Bu istiqamətdə işlər aparılır, ancaq bu, hələlik müsbət nəticə verməyib.
Kriminoloqlar Masallı rayonunda öldürülmüş dəstə üzvünün meyitini axtarırlar.
Ehtimal edilir ki, sözügedən dəstənin digər cinayətlərdə də əli var.
Faktla bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, yerli KİV-in məlumatına görə, qətl Masallı rayonunda törədilib.
2018-ci ilin dekabr ayında Cəlilabad rayonu, Göytəpə şəhərində R.Kazımovun yaşadığı mənzildən televizor və oyun aparatı oğurlanıb.
Hadisəni törətmiş Teymur Məmmədov və Cəlilabad sakini, əvvəllər məhkum olunmuş Əli Ələkbərli tutulub, onun həmyerlisi Sahib Mahmudov isə müəyyən edilib.
Bir müddət sonra – bu ilin yanvar ayının 28-də S.Mahmudovun yaxınları polisə müraciət edərək onun itkin düşdüyünü bildirib. O, həmin gündən itkin düşmüş şəxs kimi axtarışa verilib.
Bu il martın 28-də Ə.Ələkbərlidən narkotik maddə götürülüb və o, tutulub.
Onun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində Ə.Ələkbərlinin yanvarın 25-də Masallı rayonunda yerləşən “ADU Piramida” istirahət mərkəzində S.Mahmudovu bıçaqla qətlə yetirdiyi məlum olub.Ə.Ələkbərli meyiti Altay Ağamalızadə adlı tanışının köməyi ilə avtomobilə qoyaraq Neftçala rayonuna aparıb. Orada meyit yandırılıb.
Meyitin tam yanmadığını görən Ə.Ələkbərli və A.Ağamalızadə cəsədi avtomobillə İmişli rayonuna aparıb.
İmişli rayonunda meyit balta ilə hissələrə bölünüb. Həmin şəxslər meyitin hissələrini İmişli, Cəlilabad və Yardımlı rayonlarının ərazilərində basdırıb.