Ötən gündən bəri sosial şəbəkələrdə elm və təhsil naziri Emin Əmrullayevin direktorlarla görüşdə məktəblərin təhsil verməməsi haqda fikir səsləndirməsi ilə bağlı məlumatlar yayılıb.
Görüşdə iştirak edən direktorlardan biri “Yeni Sabah”a bildirib ki, nazir görüşdə “Məktəblər təhsil vermir və biz bunu bilirik. Müəllimlər sinifdə dərs keçmirlər, eyni uşaqları repetitor hazırlığına cəlb edirlər” söyləyib.
Bu məsələ sosial şəbəkələrdə sərt tənqidlə qarşılanıb. Qeyd olunur ki, əgər nazir vəziyyəti tam detallı bilirsə, islahat paketi hazırlığına başlamalıdır.
Sözügedən məsələ ilə əlaqədar elm və təhsil nazirliyinin mətbuat katibi Cəsarət Valehov sosial şəbəkə hesabında açıqlama yayıb. O bildirib ki, nazirin direktorlarla görüşündə səsləndirilən fikirlər kontekstdən çıxarılıb: “Xəbər verdiyimiz kimi, ötən həftənin şənbə günü elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri üzrə məktəb direktorları ilə görüşüb. Görüş zamanı məktəb rəhbərləri ilə pedaqoji heyətin vəzifə maaşına əlavələrlə bağlı ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanından irəli gələn məsələlər, məktəb direktorunun nüfuzu, məktəb-icma münasibətləri, məktəbin daxilində peşəkar inkişaf, məktəbdə öyrənmə mühitinə təsir edən amillər, sertifikasiya mövzusunda geniş fikir mübadiləsi aparılıb və bu fonda suallara cavab verilib.
Bir çox sosial media hesablarında həmin görüşlə bağlı səsləndirilən yanlış fikirlərlə bağlı onu demək istərdik ki, qeyd olunanlar kontekstdən çıxarılıb və həqiqətə uyğun deyil. Xahiş edirik, dürüstlüyünü yoxlamadan mənşəyi bəlli olmayan mənbələrə istinad edərək xəbərləri tirajlamayaq”.