Pakistan İslam Respublikasının xarici işlər naziri Bilaval Bhutto-Zərdari ölkəsində daşqından zərər çəkənlərə yardım elan etdiyinə görə Azərbaycana təşəkkür edib.
Nazir bu barədə Twitter hesabında yazıb.
“Təşəkkür Azərbaycan”, - xarici siyasət idarəsinin rəhbəri sosial şəbəkə hesabında yazaraq, ölkəmizin Pakistandakı səfirliyinin Azərbaycanın İslam Respublikasına ayırdığı yardımla bağlı paylaşımına istinad edib.
Yeri gəlmişkən, Pakistan mətbuatında Böyük Britaniya və Birləşmiş Ərəb Əmirlikləri ilə yanaşı, Azərbaycanın da Pakistanda daşqınlardan zərər çəkənlərə yardım elan etməsi xüsusi qeyd olunur.
“Pakistan hazırda tarixinin ən dəhşətli daşqınları ilə üz-üzədir və indiyədək 950-dən çox insan həlak olub. Pakistan yardım üçün beynəlxalq ictimaiyyətə müraciət etdi və bu gün Britaniya və Birləşmiş Ərəb Əmirlikləri yardım elan etdi, lakin indi başqa bir qardaş ölkə Azərbaycan da yardım elan etdi.
Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, Azərbaycan prezidentinin tapşırığına əsasən, hökumət daşqınlardan zərər çəkənlərə 2 milyon ABŞ dolları məbləğində yardım elan edib”, - yerli mətbuatda yayılan xəbərlərdə vurğulanır.