Koronavirus xəstəsi hansı halda KT olunmalıdır?

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Ağakişi Yəhyayev koronavirusa yoluxan şəxsin hansı halda kompüter tomaqrafiyası olunmalı olduğuna münasibət bildirib.

Həkimin sözlərinə görə, kompüter tomoqrafiyası (KT) ağciyərlərin görüntülənməsində əvəzsiz rol oynayır. Bu, kifayət qədər etibarlı və dəqiq müayinə formasıdır:

“Ağciyər dəyərləndirilməsində kontrast maddəyə belə ehtiyac olmadan dəqiq diaqnoz qoymaq mümkündür. Ancaq bu müayinəni hər xəstəyə təyin etmək doğru deyil. Nəzərə alsaq ki, KT şüalanmaya səbəb olur, ona görə də bu müayinə daha ehtiyatlı təyin olunmalıdır.

Bütün KT müayinələr kimi, ağciyər tomoqrafiyasını da mütləq şəkildə həkim (terapevt, pulmonoloq, infeksionist) təyin etməlidir. Müalicə həkimi xəstənin şikayətlərinə əsasən, ağciyərdə prosesin nə dərəcədə getdiyini və yayılma əhatəsini (arealını) müəyyən etmək üçün KT istəyə bilər. Bir xəstənin şikayət, klinik müayinə və qan analizlərinə əsasən pnevmaniya diaqnozu qoyulur və ya şübhələnilir. Bundan sonra xəstəliyin şiddəti haqqında fikir bildirilməsi üçün ağciyər tomoqrafiyası çəkilir. Nəticə olaraq, tomoqrafiyada viral pnevmaniya təsdiqlənir, ağciyərin tutulma faizi hesablanır. Bütün bunlara əsasən müalicə strategiyası təyin olunur”.

Həkim deyib ki, COVID-19 virusunun kəskin dövründən sonra ağciyərlərdə çapıqlaşma (fibroz) müşahidə oluna bilər:

“Kiçik həcmli çapıqlar xəstəyə narahatçılıq verməsə də, böyük ölçüyə malik olan fibroz xəstədə tənəffüs çatışmamazlığına səbəb ola bilər. Buna görə də kompüter tomoqrafiyası çəkilərək, zədənin həcmi dəyərləndirilməlidir.

Qeyd edim ki, ağciyərdə çapıqlaşma ilə xəstənin şikayətləri üst-üstə düşməyə də bilər. Məsələn, bir xəstənin ağciyərindədə 30-40 % tutulma varsa, şikayətləri daha az ağciyər tutulumu olan xəstəyə nisbətən yüngül ola bilər. Bunun səbəbi sağlam ağciyərlərin rezerv, yəni depo funksiyasıdır. Bunun üçün müalicə həkimləri, məxsusən pulmonoloqlar (ağciyər həkimləri) xüsusi testlər edərək (spirometriya) ağciyərin rezervini yoxlayırlar. Bütün bunlardan sonra xəstəyə müalicə təyin edilir.

Bəzi insanlar səhvən düşünürlər ki, maqnit rezonans tomoqrafiya (MRT) müayinəsi KT-dən üstündür. Bu kökündən yalnış fikirdir. MRT müayinəsi mədə-bağırsaq və ağciyərləri dəyərləndirə bilmir. Bu səbəbdən də ağciyər MRT-si çəkilməməlidir.

Həmçinin bura ultrasəs müayinəsi (USM) də daxildir. USM-in ucuz və şüasiz bir müayinə olmasına baxmayaraq, ağciyərlərin dəyərləndirilməsində çox zəifdir. Bəzən həkimlər ağciyərlərin zədəsini daha qısa intervallarda dəyərləndirmək istəyirlər. Verilən şüa dozasını nəzərə alaraq ard-arda tomoqrafiya çəkmək tövsiyə olunmur. Bu səbəbdən də ağciyər tomoqrafiyası yerinə ağciyər rentgeni çəkilməsi daha məqsədəuyğun ola bilər”.

O əlavə edib ki, koronavirus ağciyərlərdən başqa digər orqanlarda da fəsadlara səbəb ola bilər:

“Bu sadəcə COVID-19 virusuna məxsus bir hadisə deyil. Digər viral pnevmaniyalarda da başqa orqanlar zədələnə bilər. Belə olan halda bizim vəzifəmiz zədələnmədə olan orqanlarda ehtimalı çox olan fəsadları üzə çıxartmaqdır.

Koronavirusun ən ağır fəsadlarından biri laxtalanma sistemini aktivləşməsidir. Bu səbəbdən həkimlər bəzən virusa yoluxan xəstələrə qan durulaşdırıcı dərmanlar tövsiyə edir. Laxtalanma və tromb müayinəsində çox istifadə olunan üsul dopler müayinəsidir (damarların ultrasəs müayinə metodu).

Bu cihazlardan başqa, bizdə “anju” olaraq bilinən invaziv angioqrafiya metodları da mövcuddur. Yəni, damarda laxtanın (trombun) göstərilməsi hansı orqandan olmasından aslı olmayaraq, bu müayinə vasitələri ilə mümkündür. İnvaziv angioqrafiyanın üstünlüklərindən biri də odur ki, bu müayinə metodu vasitəsi ilə sadəcə trombun göstərilməsi məhdudlaşmır.

Risk qrupuna xroniki ağciyər xəstəliyi, ürək-damar sisteminin xəstəliklərindən və yanaşı xəstəliklərindən əziyyət çəkənlər insanlar daxildirlər. Məsələn, xroniki ağciyər xəstəliyi olanlar koronavirusun fəsadı nəticəsində ağciyərinin tutulması daha şiddətli və geniş həcmli ola bilər. Bu zaman koronavirusa qarşı müalicə təyin edən həkimə tövsiyə olunur ki, ağciyər həkimi və radioloqla birgə məsləhətləşsin. Bundan başqa, şəkərli diabet, hemodializ müalicəsi alan və siqaret çəkən şəxslərdə damar kirəcləşməsi (ateroskleroz) müşahidə oluna bilər.

Ona görə də yanaşı xəstəliklərdən əziyyət çəkənlər virusdan qorunmaq üçün gigiyena qaydalarına əməl etmələri vacibdir. Mümkün qədər insanların çox olduğu məkanlara getməkdən yayınmalı və ya qoruyucu maskalardan istifadə etmələrini tövsiyə edirəm. Unutmayaq ki, pandemiya hələ də davam edir və virusa yoluxanların sayı artır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ