Son günlər sosial şəbəkələrdə narkotik vasitələri təbliğ edən, heç janrı da bəlli olmayan bir musiqi geniş yayılıb. Bəzi insanlar, xüsusilə də qadınlar bu mahnının sədaları altında rəqs eliyir və açıq aşkar narkomaniya təbliğ olunur. Çox təəssüflər olsun ki, belə videolar internetdə geniş yayılıb və azyaşlılar arasında da populyarlaşıb. Məsələ ilə bağlı millət vəkili Fazil Mustafa daxili işlər nazirinə və baş prokurora rəsmi müraciət edəcəyini bildirib. Millət vəkili bu insanların qanun qarşısında cavab verməli olduqlarını deyib.
Buta.media xəbər verir ki, F.Mustafa baş verənlərlə bağlı daha bir status paylaşıb:
"Çılpaq qızların videosu yayıldı, cəmiyyətdə bir keçici çalxalanma yaratdı, bunu tirajlayanlar qınağa və ya marağa tuş gəldi, iş elə gətirdi ki, bahalı maşınlarının nömrəsindən adamları tapmaq da çətin olmadı.
Ortaya çıxan nəticəni sadəcə əxlaq prizmasından dəyərləndirmək doğru olmazdı. Bu, Azərbaycanda sosial və digər şərtlərdən yaranmış acınacaqlı bir gerçəklikdir, narkomaniya və fahişəlik əvvəlki illərdən fərqli olaraq təsir coğrafiyasını xeyli genişləndirib.
Burada diqqət yetiriləsi əsas məqam budur ki, həmin videonu bütün personajları normal orta və yaxud ali təhsil almayıblar. Fahişəsi də, iş adamı da savadsızdırlar, təhsilsizdirlər. Çünki normal təhsili olan insan ən azı öz kriminalının açılması üçün belə ipucu verməməlidir.
Eyni durum "Kazbek"i dolduranların klipinə də aid oluna bilər. Oynayan qadınların kimliyini araşdırsanız, tam əminliklə söyləyirəm ki, normal təhsil almamış insanlardır. Hansısa əxlaqsız əməllərin sahibi ola bilərlər, lakin təhsil və təlimi yerində olan ən azı özünü təqdimatın bu cür bayağı formasını seçə bilməz.
İş burasındadır ki, idmançısı da, müğənnisi də, teleaparıcısı da, jurnalisti də, bələdiyyəçisi də, deputatı da lazımi keyfiyyətli təhsil mərhələsindən keçmədikdə büsbütün cəmiyyəti öz xəstəlik virusuna tabe etdirir. Hələ elm sferasında, pedaqoji arenada yüzlərlə qadına diplomun alisini peşkəş ediblər, əksər akademikin, professorun, böyük səlahiyyət sahiblərinin, pullu kimliklərin ailəsindən, qohum əqrabasından bir çox insan ən azı fəlsəfə doktorudur, məmurların əhəmiyyətli hissəsi normal təhsil almadan bir neçə ali təhsil diplomu daşımaqdadırlar, sonradan bunların əziyyəti bütünlükdə cəmiyyətin üzərinə düşür.
Təhsil, təlim, elm anlayışımızı dəyişməyincə çox çətin olacaq axırımız. Hərdən mənə soruşanda ki, "axırımız necə olacaq?", öz-özümə gülümsəyirəm ki, nə qədər sadəlövh olasan ki, bu axarımızın elə axırımız olduğunu görməyəsən, sezməyəsən. Məktəbə qayıtmalıyıq, məktəbə.
Məktəbdəki yaramaz müəllimləri təmizləyib layiqli müəllimləri yenidən dirçəldərək millətin baştacına çevirə bilməsək, hamımızın videosunu deyil, ətini paylaşacaqlar...Ermənilər, ruslar, farslar, avropalılar, amerikalılar...31 martda, 20 yanvarda, Xocalıda olduğu kimi...