Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi evlənmək istəyən şəxslərin nikah öncəsi tibbi müayinəsi ilə yanaşı, psixoloji uyğunluğunun yoxlanılmasını da təklif edir.
Trend-in məlumatına görə, bu təşəbbüslə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın sözlərinə görə, şəxslər arasında daha çox düzgün seçimin edilməməsi, düşüncə və psixoloji fərqin mövcudluğu boşanma hallarına səbəb olur:
"Buna görə də nikah öncəsi tibbi müayinə ilə yanaşı ailə quracaq gənclərin müvafiq psixoloji uyğunluğunun yoxlanılması olduqca vacibdir. Bu istiqamətdə "Ailə psixoloqu" İnstitutunun yaradılmasına, əhalinin bu xidmətdən geniş istifadəsi üçün zəruri tədbirlərin görülməsinə ehiyac var. Bu barədə hazırladığımız "Ailə strategiyası"nda da tədbirlər nəzərdə tutulub. Bu sənədin qəbul edilməsi əhalinin həmin xidmətdən istifadəsi üçün imkanlar yaradacaq".
Qeyd edək ki, Ədliyyə Nazirliyindən bir müddət əvvəl bildirilib ki, Azərbaycanda nikahın pozulmasının əsas səbəbləri ər-arvadın bir-biri ilə xasiyyətlərinin tutmaması, xəyanət, qısqanclıq, maddi çətinlik, mənzilin olmaması, ailədaxili zorakılıq, ailə münasibətlərinin pozulması, uşaqların olmaması, sərxoşluq, narkomaniya, xəstəlik və digər hallarla bağlıdır.