Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 29418 nəfər və ya 0,3 faiz artaraq 2022-ci il iyul ayının 1-i vəziyyətinə 10185784 nəfərə çatıb.
Bu barədə Buta.media-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib. Əhalinin tərkibində kişi və qadınların xüsusi çəkiləri isə dəyişməz qalıb.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyun aylarında ölkə üzrə 61234 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 11,3-dən 12,3-ə qədər artıb.
Doğulanlar arasında oğlanların xüsusi çəkisi 52,7 faiz, qızların xüsusi çəkisi isə 47,3 faiz təşkil edib. Körpələr arasında əkiz doğulanların sayı 1726, üçəm doğulanların sayı isə 87 olub.