Dördüncü doza vaksin məcburi olacaq? - AÇIQLAMA

Azərbaycanda yoluxma hallarının artması fonunda koronavirus əleyhinə 4-cü doza vaksinin məcburi olacağı deyilir. İddia olunur ki, payıza doğru yoluxmalar daha da artacaq və əhali arasında 4-cü doza vaksinlərin vurulması prosesinə start veriləcək.

TƏBİB-in infeksion xəstəlikləri üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev vaksinasiya ilə bağlı iddialara aydınlıq gətirib.

Tanınmış həkim Modern.az-a açıqlamasında bildirib ki, təkcə Azərbaycanda deyil, ümumilikdə dünyada dördüncü doza vaksinlə bağlı fikirlər müxtəlifdir.

“Ancaq hazırkı vəziyyəti nəzərə alaraq deyə bilərəm ki, Azərbaycanda 4-cü doza vaksin məcburi olmayacaq. Təbii ki, hər kəs könüllü şəkildə 4-cü doza vaksini qəbul edə bilər. Lakin önümüzdəki günlərdə yoluxmada fərqli rəqəmlər olduğu zaman başqa qərarlar da qəbul oluna bilər”, - deyə TƏBİB nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, Azərbaycanda indiyədək vurulan vaksinlərin ümumi sayı 13 832 547, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 369 091, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 859 097, üç və daha çox doza vaksin vurduranların sayı 3 348 027, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 256 350-dir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ