Klinika rəhbəri: Müstəntiq məndən 25 min manat istədi - video

Andromed klinikasının rəhbəri, həkim Mirzəli Cəfərquliyev Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqinin ondan rüşvət tələb etdiyini iddia edib.

Videomüraciətində M.Cəfərquliyev bildirib ki, bir müddət əvvəl klinikasının yerləşdiyi Xəzər rayonu Mərdəkan qəsəbəsindəki binanın yaxınlığında bir neçə ağac kəsilib. 

Daha sonra ağacı kəsənlər müəyyən edilərək cəzalandırılıblar: “Bir neçə gün sonra mənə Baş Prokurorluğun İstintaq İdarəsindən zəng etdilər. Müstəntiq Vətən Əliyev mənə bildirdi ki, bu işi bağlamaq üçün 25 min manat verməliyəm. Həmin vaxt ağacların kəsilməsinə hər hansı aidiyyətim olmadığını dedim, ağacı kəsənin də məlum olduğunu, həmin şəxsin günahını etiraf etdiyini və cərimələndiyini qeyd etdim. Lakin məni rahat buraxmadılar. 4 ay ərzində ardıcıl olaraq lüzumsuz yerə məni 20-25 dəfə idarəyə çağırtdırıb saatlarla gözlətdilər, azadlığımı bir növ məhdudlaşdırdılar”.

M.Cəfərquliyev artıq onun barəsində açılmış cinayət işi üzrə materialların Xəzər Rayon Məhkəməsinə göndərildiyini əlavə edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən məsələ ilə bağlı “Qafqazinfo”nun sorğusuna cavab verilib.

Bildirilib ki, Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən qeyri-yaşayış obyektinin tikintisi aparılarkən, həmin tikilinin qarşısında meşə fonduna daxil olmayan 2 ədəd yaş kök üstə bioloji inkişafda olan sərv ağaclarının qanunsuz kəsilməsi nəticəsində 2700 manat ziyan dəyməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsində istintaq aparılıb:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən daxil olmuş məlumatlar əsasında Cəfərquliyev Mirzəli Cəfərqulu oğluna Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə cinayət işi açılıb. Təqsirləndirilən şəxsə ittiham elan olunmaqla onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

20 mart 2022-ci il tarixdə cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib. Vətəndaşın videomüraciətində qeyd etdiyi xüsusatlar hazırda Baş Prokurorluğun aidiyyəti qurumu tərəfindən yoxlanılır. Nəticəsi barədə məlumat veriləcək”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ