Britaniyanın Bakıdakı səfirliyi Londondakı insidentlə bağlı açıqlama yaydı

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyən açıqlama yayıb.

Buta.media-nın xəbərinə görə, açıqlamada bildirilir ki, Böyük Britaniya Azərbaycanın Londondakı səfirliyinə daxil olan etirazçıların hərəkətlərini pisləyir və hal-hazırda bu məsələ ilə bağlı hərtərəfli araşdırma aparır. 

“Polis binanın içərisindəki səfirliyin əməkdaşlarını təhlükəsiz şəkildə təxliyə edib, daha sonra etirazçıları oradan uzaqlaşdırıb. 8 nəfər həbs edilib. Böyük Britaniya ölkədəki diplomatik nümayəndəliklərin qorunmasına zəmanət vermək öhdəliyinə ciddi yanaşır və polis müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini təmin etmək üçün Azərbaycan Səfirliyi ilə əlaqə saxlayır”.

Xatırladaq ki, 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.

Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb.

Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ