Kreml Qarabağda baş verənlərə münasibət bildirdi

"Hazırda Rusiya prezidentinin cədvəlində Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycan və Ermənistan liderləri ilə təmasların qurulması planlaşdırılmır".

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin bu barədə suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, zərurət yaranarsa, operativ şəkildə təmaslar həyata keçirilə bilər.

Peskov münaqişə tərəflərini əvvəlki razılaşmaların şərtlərini qorumağa və onlara əməl etməyə çağırıb.

Vəziyyətin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla müzakirə olunub-olunmayacağı ilə bağlı suala cavabında isə Peskov bildirib ki, bunu istisna etmək olmaz.

Kreml nümayəndəsi Qarabağda baş verənlərin Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı bir sıra suallar doğurduğunu deyən Ermənistanın baş naziri Nikol Paşinyanın sözlərinə də münasibət bildirib. O qeyd edib ki, bu məsələdə əsas istinad nöqtəsi üçtərəfli sazişlərdir, tərəflər bütün öhdəliklərini yerinə yetirməlidirlər.

"Erməni tərəfi ilə olan təmas mövcud məsələlərin aydınlaşdırılmasına kömək edəcək", - Peskov bildirib.

Qeyd edək ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ