“Şərurlu İsfəndiyar”: Şəhidin adından sui-istifadə edirlər

Ölkənin ən böyük tikinti maqnatlarından olan “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundov haqqında yayılan məlumatlarla bağlı açıqlama verib.

Buta.media-nın məlumatın, Musavat.com-a deyib ki, şəhid ailəsini aldadan “Kamran MMC”nin işçiləri olublar. 

O, bildirib ki, bu məsələnin əslində ona heç bir aidiyyəti yoxdur:

"11 il bundan öncə  şikayətçilər ev alıblar. Elə həmin zaman da məhkəmə qərar çıxarıb ki, verilən sənədlərin hamısı saxtadır. Sənədi verən insanlar həbs edilib, hazırda da türmədə yatırlar. 11 ildən sonra zərərçəkən ailə müraciət edir ki, mənim saxta sənədimi hakimlər düzgün sənəd kimi bərpa etsinlər. Hələ 11 il bundan öncə rayon məhkəməsi, Apelyasiya Məhkəməsi və Ali Məhkəmə qərar qəbul ediblər ki, sənədlər saxtadır. Qanunu geriyə qaytarmaq olarmı? Deyim ki, həmin zaman aprel döyüşləri olmamışdı. İndi aprel döyüşlərində şəhid olan qardaşımızın qayınatası deyir ki, kürəkənim aprel ayında şəhid olub. Şəhidlər bizim inanc yerimizdir, ümidimizdir. İnsanların hər zaman and içdiyi qibləmizdir şəhidlər. Ancaq eyni zamanda bu dövlətin qanunu var. Qanunla mənim sənədlərimin hamısı qaydasındadır. Sadəcə olaraq burada yanaşma fərqlidir. Haradasa məsələdə sui-istifadə, başqa məqsədlər var".

İ.Axundov bildirib ki, sözügedən bina ona məxsus deyil: “Binanın inşası yarımçıq qalmışdı. Dövlət mənə tapşırdı ki, binanın inşasını davam edim. Mən də binanı tikib, siyahı ilə camaatı yerləşdirdim. Burada mənim nə günahım var? “Kamran MMC” ilə nə şərikliyim olub, nə də onlara hər hansı aidiyyətim var. Əksinə, MMC-nin işçiləri camaatı aldatmışdı, mən isə onlara yardım etdim". 

"Qanun nədirsə, mən onunla hərəkət edirəm. Deyirlər ki, aprel ayında kürəkənim rəhmətə gedib, sən də qanunu dəyiş. Ev əslində şəhidimizin qayınatasının adınadır. 11 il öncə verilən qanunu necə dəyişmək olar? Məlumat yayıblar ki, İsfəndiyar Axundov məhkəmədə qalib gəlib. Bu da yalandır. Mənim bu məsələyə heç bir aidiyyətim yoxdur. Sadəcə olaraq mən binanı tikmişəm. Binanı satanlar bu gün həbsxanada yatırlar. Ona görə xahiş edirəm, mənim adımı mətbuat səhifələrində yalan yerə hallandırmasınlar. Reallıq nədirsə, onu yazmaq lazımdır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ