Bu günlərdə Ali Məhkəmə “Şərurlu İsfəndiyar” kimi tanınan oliqarx, tikinti maqnatı İsfəndiyar Axundovun iddiası əsasında 2016-cı ilin aprel müharibəsində xüsusi təyinatlıların canını vətənə qurban vermiş polkovnik-leytenantı Sənan Axundovun ailəsinin əlindən 50 kvadratmetrlik mənzilin alınması haqda qərar çıxarıb.
Buta.media-nın məlmatına görə, Virtualaz.org xəbər verir ki, bu qərar sosial şəbəkələrdə və ictimaiyyətdə haqlı olaraq həm qərarı çıxaran hakimlərə, həm özünün tikinti maxinasiyaları və dələduzluqları ilə ad çıxarmış şərurlu oliqarxa qarşı hiddət yaradıb.
Məsələ belədir ki, bir neçə il əvvəl xüsusi təyinatlı zabitimiz Sənan Axundov “Kamran” MMC adlı tikinti şirkətinin Bakıda inşasına başladığı çoxmərtəbəli binadan 50 kvadaratmetrlik mənzil sahəsi alıb. Daha sonra tikinti yarımçıq qalıb, “Kamran” MMC-nin rəhbərliyi barəsində dələduzluğa görə cinayət işi başlanılıb. Və 11 mərtəbəsi tikilmiş yarımçıq binanı “Şərurlu İsfəndiyar” alıb. Oliqarx daha 5 mərtəbə inşa edib və binadan mənzil alanlara şərt qoyub ki, onlar aldıqları mənzillərə görə yenidən əlavə vəsait ödəməli olacaqlar.
Şəhid polkovnik-leytenant
Zabit Sənan Axundov bu şərti qəbul etməyib, sağlığında məhkəmə iddiası qaldıraraq 50 kvadratmetrlik mənzil sahəsi üzərində mülkiyyət hüququnu tanıyan qərar çıxarılmasına nail olub. Lakin Sənan Axundov aprel döyüşlərində şəhid olanda “Şərurlu İsfəndiyar” fürsəti əldən verməyib və həmin mənzil sahəsini ələ keçirmək üçün şəhidin ailəsinə qarşı məhkəmə iddiası qaldırıb. Əlbətdə, xirtdəyinə qədər korrupsiyalaşmış hakimlər zəngin oliqarxın istədiyi qərarı çıxarıblar və mənzil sahəsi üzərində hüququn onun şirkətinə məxsus olduğunu tanıyıblar.
Məhkəmə çəkişməsinin davam etdiyi vaxtlarda şəhid Sənan Axundovun ailəsi bir neçə dəfə həmin mənzil sahəsində təmir-bərpa işləri aparıblar. Lakin oliqarxın qoçuları hər şeyi alt-üst ediblər. Nəhayət Ali Məhkəmə də oliqarxın xeyrinə qərar çıxarıb. Beləliklə, şəhid zabitin sağlığında öz maaşından kəsib pulunu ödədiyi mənzil sahəsi onun ailəsinin əlindən alınır.
Bu məhkəmə çəkişməsində “Şərurlu İsfəndiyar”ın xeyrinə olan dəlillərin nə dərəcədə tutarlı olması bir yana, hiddət doğuran odur ki, illərdir şəhərin arxitekturasının korlanmasında, kortəbii tikintilərin baş alıb getməsində və hər cür tikinti dələduzluqlarında böyük xidmətləri olan, nəticədə nəhəng sərvət toplayan, özünün dediyi kimi cəmi 4 sinif bitirmiş bu qudurğan oliqarx canını vətən uğrunda qurban vermiş zabitin ailəsinə məhkəmələrin əli ilə divan tutmağa qalxıb.
“Google”də bu oliqarxın adını yazan kimi onun adının hallandığı dələduzluqlar, tikinti maxinasiyaları və digər qanunsuzluqlar barədə saysız-hesabsız şikayətlər qarşıya çıxır. Bu oliqarx həm də dəbdəbəli “Hollivud” şadlıq sarayının və çoxsaylı digər kommersiya daşınmaz əmlakın sahibidir. “Şərurlu İsfəndiyar”ın törəmələri də özü kimi cəmiyyətə açıq-aşkar hörmətsizlik, saymamazlıq nümayiş etdirmələri ilə tanınır. Onun oğlu vaxtaşırı olaraq sosial şəbəkələrdə özünün çoxsaylı superkarlardan ibarət maşın kolleksiyasını nümayiş etdirir, yaxud dollarla doldurulmuş hamam vannasında “üzür”.
Şərurlunun harın törəməsi
Şərurlu oliqarxın harın törəmələrinin kolleksiyasında yer alan avtomobillərin hamısının dövlət nömrə nişanı nəyə görəsə eynidir-10 LN 200.
Kolleksiyaya daxil olan avtomobillərin arasında qiyməti 650 min dolardan baha olan “Lamborghini Aventador”, 350 min dollar dəyəri olan “Ferrari 458 Speciale”, “Mercedes”, “Maseratti”, “Audi” kimi bir çox markaların lüks modellər yer alır.
Böyük ehtimalla bu qudurğan heç hərbi xidmətdə də olmayıb. Çünki onun cəmi 18 yaşı olanda şəhərdə “Lamborghini” ilə şütüyürdü və belələri ilə səngərdə qarşılaşmaq heç ağlabatan deyil. Şəhid zabitin ailəsinin əlindən 50 kvadratmetrlik mənzil sahəsini korrupsiyalaşmış hakimlərin vasitəsi ilə alan şərurlu oliqarxın bu harın övladını cəbhənin Murov, yaxud Ağdərə istiqamətinə xidmətə göndərsələr görəsən neçə gün dözə bilərdi?
Polkovnik-leytenant Axundov isə xüsusi təyinatlı kimi illərdir vətən yolunda hər cür məşəqqətə dözdü, nəhayət 2016-cı ilin aprelində düşmənin müdafiə xəttini darmadağın edərək şəhid oldu. Ona görə şəhid oldu ki, hansısa 4 sinif bitirmiş və harınlamış şərurlu oliqarx onun ailəsinə divan tutsun?
Əlbətdə, ümid var ki, müvafiq orqanlar şəhid zabitin ailəsinə qarşı bu misli görünməmiş əclaflığın qarşısını hansısa yolla alacaqlar. “Şərurlu” üçün isə ən yaxşı tənbeh tədbiri bu olardı ki, onun Bakı küçələrində “Lamborghini” ilə şütüyən, günü gecə barlarında, eyş-işrətdə keçən törəməsi şəhid zabitin döyüşdüyü yerlərə hərbi xidmətə göndərilsin...