Gəncə şəhər sakini Ellada İbrahimova düz 25 il itkin əsgərin adından anasına məktublar yazıb.
Buta.media Xəzər TV-yə istinadən xəbər verir ki, əməlinin doğru olmasına bəzən özü də şübhə edib. Amma anasını son nəfəsinə qədər əsgər oğlunun qayıdacağı ümidi ilə yaşadıb.
Belə ki, 1993-cü ilin oktyabrında hərbi xidmətə yollanan 18 yaşlı Azər Ələkbərov cəmi 4 ay sonra hərbi əməliyyatlar zamanı itkin düşür.
Bu xəbərin anası Cəmilə Hüseynovaya çox pis təsir edəcəyini başa düşən Ellada İbrahimova əsgər qardaşının adından anasına məktub yazmaq qərarına gəlir. Amma əvvəlcə özünü bu işə hazırlayır.
Ellada İbrahimova anasının şübhələrini öldürmək üçün həm məktubların evə çatması, həm də oxunması zamanı mümkün olan hər şeyi edir. Müharibədən sonrakı dövrdə oğlunun yenə qayıtmaması ananın şübhələrini artırır. Bu dəfə isə bacı başqa yola əl atır.
Bir neçə dəfə davranışının doğru olub-olmadığı ilə bağlı şübhəyə düşən bacı anasına əsl həqiqəti demək istəyib. Ancaq son anda bundan çəkinib.
Ancaq bütün bunları edərkən Ellada İbrahimova qardaşının qayıdacağına, zəng edəcəyinə, məktub yazacağına olan inamını özü də itirməyib. Hər dəfə evin yanında maşın dayananda boylanıb ki, bəlkə bu dəfə gələn qardaşıdır.
İndi əsgər intizarı ilə gözlərini yuman ananın vəfatından bir il ötür. Ancaq Ellada İbrahimova elə özü də anası kimi Azərin qayıdacağına olan inamını itirmir.