Kamil 10 yaşlı qızına maşın sürdürdü - DİN-dən reaksiya

Tanınmış fitnes məşqçisi Kamil Zeynallı sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

İdmançı 10 yaşlı qızı Sahilənin avtomobil idarə edərkən çəkilmiş videosunu paylaşıb. O, qeyd edib ki, qızı avtomobili nəqliyyatın və insanların olmadığı yerdə sürüb: 

“Qızıma neçə aydır avtomobil sürməyi öyrədirəm. Xam deyil, narahatlığa səbəb yoxdur. Bir qalıb silah atmağı öyrənməyi, o da tezliklə”. 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.az-a açıqlamasında Kamil Zeynallının 10 yaşlı qızının avtomobil idarə etməsinə belə münasibət bildirib: 

“Bu çox yalnış bir addım və kobud qayda pozuntusudur. Biz yol hərəkəti qaydasından, insanların təhlükəsizliyindən danışırıq. 10 yaşlı uşağa idarə etməsi üçün avtomobil əmanət etmək nə deməkdir? Bu ağla, şüura, qanunvericiliyə ziddir və cəzası var.

 Kamil Zeynallı cəmiyyətdə tanınan simadır. Tanınan adamların da bu cür davranışları,ümumiyyətlə, yolverilməzdir. Təbii ki, bu fakt araşdırılacaq və hüquqi qiymət veriləcək. Bir insan cəmiyyətdə tanınırsa, qayda pozmaqla yox, nümunəvi hərəkətlər etməlidir. Ən əsası da qanunun aliliyi prinsiplərinin təbliğatçısı olmalıdır. Sürücülük hüququ olmayan, xüsusilə də azyaşlı uşağa avtomobil həvalə etmək olduqca təhlükəlidir. 

Qanunla sürücülük hüququ olmayan şəxsə 100 AZN, onu idarə etməyə verən fiziki şəxsə isə 60 AZN cərimə nəzərdə tutulub. Lakin burda digər tərəf məsuliyyətə cəlb etmə yaşında deyil, elə faciə də burasıdır ki, sükan uşağa verilib. 10 yaşlı uşağı cərimə etmək olmaz, qanunvericilik buna icazə vermir. Bu, onun valideyninin, yaxınının bağışlanılmaz səhvidir. Əgər bunu edibsə və videonu da paylaşıbsa, bu, don geyindirilməyəcək, əsas gətirilməyəcək səhvdir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ