Sosial media istifadəçiləri özlərini hüquqşünas hesab edirlər - Baş prokuror

“Reket jurnalistikası cinayətkar fəaliyyətdir. Bununla məşğul olan şəxslər məsuliyyətə cəlb olunur. Onların barəsində qanunamüvafiq tədbirlər görülür”.

Bunu REAL TV-yə müsahibəsində Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, bəzi jurnalistlər və sosial media istifadəçiləri işin detallarını, incəliklərini bilmədən qəti fikirlər irəli sürürlər: “Mənə elə gəlir ki, bizim sosial media istifadəçiləri, mətbuatda çalışan əməkdaşlar özlərini tam hazırlıqlı hüquqşünas kimi hesab edirlər. Bəzi mürəkkəb məsələlərə bəzən elə asanlıqla rəy verirlər, fikir yürüdürlər ki, bu, yolverilməzdir. Çünki hüquq elmi kifayət qədər mürəkkəb elmdir.

Sadə göründüyü qədər də mürəkkəbdir. İşi bilmədən, işin incəliklərini bilmədən... Məsələn Tərtər işi ilə bağlı bəzi fikirlərin yürüdülməsi, təbii ki, yolverilməzdir. Bu istiqamətdə media orqanları ilə birlikdə tədbirlər planı hazırlayaraq həyata keçirməliyik. Reket jurnalistikasına gəlincə, bu, əslində hədə-qorxu ilə tələb etmə faktıdır. Bunlar jurnalistika ilə heç bir əlaqəsi olmayan, sırf cinayətkar fəaliyyətdir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ