Ötən gündən etibarən sosial şəbəkələrdə Vətən müharibəsi qazisi Məlik Həhmət oğlu Məlikovun şəraitsiz evinin fotoları yayılıb. Astarada yerləşən, daxmaya bənzəyən ev qəzalı vəziyyətdədir. Fotoları paylaşan izləyicilər qaziyə ev verilməsi ilə bağlı aidiyyəti qurumlara çağırışlar edir, müharibədən sonra üç medalla təltif edilən M.Məlikovun bu şəraitdə yaşamağını qəbuledilməz hesab edirlər.
“Qafqazinfo” adıçəkilən qazinin özü ilə əlaqə saxlayıb. M.Məlikov bildirib ki, səhhəti işləməyinə də icazə vermir:
“Mənim 3 medal və döş nişanım var-“Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları. Hazırda xəstəxanada yatıram, evim yoxdur. Nə qardaşım, nə atam, nə də anam işləyir. Onları aldığım 80 manatla (müharibə veteranı təqaüdü-red.) saxlayıram”.
Vətən müharibəsi qazisinin sözlərinə görə, aidiyyəti üzrə müraciətləri də olub: “İcra Hakimiyyəti deyir ki, mən onlara yardım eləmişəm. Harada mənə yardım edib? İki ilə 100 manat pul göndərib. Bir də pay göndərib makaron, 25 kilo un, bir, ya iki dənə toyuq. Dövlət qurumları bizim üçün ayrılan vəsaitə düzgün riayət eləmirlər. Həyətyanı torpağım əlimdən alınanda İcra Hakimiyyətinə dəfələrlə getdim. Sənədim ola-ola başqasına verdilər”.
Məlik Məlikov qeyd edib ki, hazırda Bakıdadır və müalicə alır:
“Maştağadakı xəstəxanaya da gedirəm əsəbimə, belimə görə. Kəllə-beyin travması və omba sümüyümdən zədə almışam. İşləyə bilmirəm, özüm özümə iynə vururam. Bir dəfə görməmişəm ki, Astaranın icra nümayəndələri qazinin qapısını açsınlar”.
Qazinin sosial vəziyyəti ilə əlaqədar Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov bildirib ki, şəhidlərin ailə üzvləri və müharibə əlilləri mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac olduqda qanunvericiliyə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən mənzil və ya fərdi evlərlə təmin edilirlər.
“Sosial şəbəkələrdə haqqında məlumat yayılan Vətən Müharibəsi iştirakçısı Məlik Məlikov qeyd olunan kateqoriyaya aid olmadığından, yəni müharibə əlili deyil, müharibə veteranı olduğu üçün onun mənzil ya fərdi evlə təminatı Agentliyin səhahiyyətləri xaricindədir. Əlavə olaraq qeyd etmək istəyirəm ki, Məlik Məlikov müharibə veteranı olduğu üçün Nazirlik tərəfindən Prezidentin aylıq təqaüdü ilə təmin edilir”.
Məsələdə adı hallanan Astara Rayon İcra Hakimiyyəti də iddialara reaksiya verib. Modern.az-a açıqlama verən Astara rayon icra başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıqova bildirib ki, bütün qazilərdən, onların yaşayış səviyyəsindən xəbərləri var:
“Sosial şəbəkələrdə olan görüntülərlə bağlı deyə bilərik ki, qazimiz Məlik Məlikov hazırda Bakıda yaşayır. Həmin evlər əllilliyi olan qazilərə verilir, bu qazimiz sığorta da almayıb. Çünki onun xəsarətləri yüngüldür, əlliliyi yoxdur. Amma biz əlimizdən gələn qədər ona və digər qazilərə yardımlar etmişik. Adi günlərdə ərzaq göndəririk, bayramlarda 100 manat pul verilir. Qazilərimiz bizdən razıdır. Bunu özləri də təsdiqləyə bilər. Onlar bizim baş tacımızdır, balamızdır.
Büdcədə nə qədər varsa, nə qədər imkan çatırsa, köməklik edirik. Rayonda iş olan kimi biz qaziləri işlə təmin edəcəyik. İlk sırada onlardır. Amma İcra Hakimiyyəti tərəfindən ev tikilməsi mümkün deyil. Büdcədə o qədər vəsait yoxdur. Çünki vətəndaşlara ev tikilmir, balaca rayondur, büdcəmiz kifayət etmir. Əlilliyi olsaydı, heç olmasa, “YAŞAT” Fondu köməklik edərdi. İnşallah, o qazimizə dövlətimiz ev tikər”.