Azərbaycan Respublikasında neft sənayesinin inkişafında xidmətlərinə görə Rəfiqə Abdul Ağa qızı Hüseyn-zadə “Şöhrət” ordeni ilə təltif edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Hüseynzadə Rəfiqə Abdul Ağa qızı 1952-ci ildə Bakı şəhərində anadan olub. 1974-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) “Neft-qaz yataqlarının axtarışı və kəşfiyyatı” fakültəsini mühəndis-geoloq ixtisası üzrə bitirib. 1975-1985-ci illərdə İnstitutun aspirantı və əməkdaşı olub.
1981-ci ildə geologiya-minerologiya elmləri üzrə namizədlik dissertasiyasını müdafiə edib. 1985-1999-cu illərdə Azərbaycan Dövlət Universitetinin laboratoriyasında elmi işçi, baş elmi işçi və laboratoriya rəhbəri vəzifələrində çalışıb. ABŞ-nın Hyuston şəhərinin HARC elmi-tədqiqat Mərkəzində, Norveçin Tronheym şəhərində “Geolab” şirkətində və “Statoil” şirkətinin “Reserch Center” mərkəzində işləyib. 1999-2011-ci illərdə ARDNŞ-nin təsis etdiyi “Azlab” MMC-nin Baş direktoru olub.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2011-ci ildən ARDNŞ-nin Ekologiya üzrə vitse-prezidentidir. Eyni zamanda 2001-ci ildən Bakı Dövlət Universitetinin “Faydalı qazıntılar” kafedrasında dosent kimi elmi fəaliyyətini davam etdirir, 70-ə yaxın elmi məqalənin müəllifidir. “Discover Azerbaijan” kitablarının birinci və ikinci buraxılışının, eləcə də “Azerbaijan and United Kingdom 100 Years of Partnership” kitabının həmmüəllifidir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə "Tərəqqi" medalına və “Azərbaycan Respublikasının Əməkdar mühəndisi” fəxri adına layiq görülüb. Yeni Azərbaycan Partiyasının üzvüdür.