Yayın ikinci ayının bitməsinə sayılı günlər qalmasına baxmayaraq, bazarlarda pomidorun qiyməti ucuzlaşmaqdansa, bahalaşıb. Market və bazarlarda pomidorun bir kiloqramının qiyməti 1,50 qəpikdən 4 manata qədər dəyişir.
Mövsümü olmasına baxmayaraq, pomidorun qiymətindəki bu artım alıcıların narazılığına səbəb olur. Bundan əlavə, bəzi yerlərdə ümumiyyətlə pomidor qıtlığı yaşanır.
Maraqlıdır, buna səbəb nədir? Niyə pomidorun qiyməti son günlərdə bu qədər artıb?
Mövzu ilə bağlı “Qafqazinfo”ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, pomidorun Rusiya bazarına son günlər kəskin artımı daxili bazarda çatışmazlıq yaradır:
“Azərbaycanda ümumi inflyasiya yüksək olduğu üçün, yəni hər bir sahədə qiymət artımı baş verdiyi üçün kənd təsərrüfatı ilə məşğul olan insanlar da məcburən qiyməti artırmalıdırlar. Artırırlar da. Çünki onlar əldə etdikləri gəlirlərlə başqa ərzaq məhsulları almağa məhkumdurlar. Yağın, ətin, unun, düyünün, yəni hər şeyin qiyməti qalxırsa, qeyri-ərzaq məhsulları da bahalaşırsa, kənd təsərrüfatı ilə məşğul olan insanlar öz məhsulunun qiymətini artırmaya bilməz. Bu, ümumi inflyasiyanın tərkib hissəsidir.
İkinci bir məsələ ondan ibarətdir ki, Azərbaycan hökuməti xaricə ixracı daha da stimullaşdırmağa çalışır. Yəni kənd təsərrüfatı məhsullarının xaricə satışı daha çox önəm kəsb edir, ona görə də, xaricə satılan məhsulların həcmi artır. O cümlədən pomidorun Rusiya bazarına son günlər kəskin artımı müşahidə olunur.
Rusiya əvvəllər müəyyən məhdudiyyətlər qoymuşdu. İndi o məhdudiyyətləri götürüb və Azərbaycan daha çox pomidor ixrac edir. Bununla da daxili bazarda çatışmazlıq yaranır. Yəni bizim istehsal sahəsində imkanlarımız o qədər böyük deyil ki, həm daxili bazarı tam təmin edəsən, həm də xarici bazarda müəyyən qədər ixracatı artırasan. Bunun da həm qiymət artımında, həm də daxili bazarda mal və məhsulunun azalmasında öz payı var”.
Məsələ ilə bağlı "Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Bəşir Quliyev saytımıza verdiyi açıqlamada bildirib ki, artıq istixana pomidorlarının mövsümü qurtarıb: “Bu, bir də oktyabr ayında başlayacaq. Bundan əlavə, gübrələrin, bitki mühafizə preparatlarının qiyməti, texnikaların qiyməti, işçilərin maaşları və yanacaq bahalaşdı. Bunlar hamısı son məhsulun maya dəyərində də öz əksini tapır.
Açıq sahədən pomidor təzə çıxır. 10 günə kütləvi şəkildə yetişəcək və qiymətlər düşəcək”.