Turistlər üçün viza prosedurları sadələşdiriləcək

Turistlərin səyahət şərtlərini yaxşılaşdırmaq üçün viza prosedurlarının sadələşdirilməsi istiqamətində tədbirlər görüləcək.

Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nda əksini tapıb.

Sənəddə bildirilib ki, planın əsas icraçısı Xarici İşlər Nazirliyi, aidiyyəti qurumlar Dövlət Turizm Agentliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasilar üzrə Dövlət Agentliyidir.

2019-cu illə müqayisədə sərhəddə viza rejimi və ya vizasız rejim tətbiq edilən yeni ölkələr üzrə gələn ziyarətçilərin sayının hər il 7,5% artması nəzərdə tutulub.

Qeyd edilib ki, hədəf turizm bazarları ilə nəqliyyat-kommunikasiya əlaqələri şaxələndiriləcək və təkmilləşdiriləcək.

Hazırda turizm məqsədilə səfər edənlərin sayında hava nəqliyyatından istifadə edənlərin payı 40,1% (2019-cu il); Dəmir yolu nəqliyyatından istifadə edənlərin payı 12,9%-dir (2019-cu il).

Müvafiq sahə üzrə təkliflərin həyata keçirilməsi nəticəsində turizm məqsədilə səfər edənlərin sayında hava nəqliyyatından istifadə edənlərin payının dövrün sonuna 50%-ə çatması; Turizm üzrə cəmi xalis daxilolmaların pozitiv dinamikasına nail olunması, Azərbaycana səfər edən ziyarətçilərin sayında dəmir yolu nəqliyyatından istifadə edənlərin payının dövrün sonuna 15%-ə çatması; Azərbaycana avtomobil nəqliyyatı ilə səfər edənlərin sayının hər il 35% artması; Şimal, cənub, qərb istiqamətləri əsas olmaqla ən azı üç quru dövlət sərhədindən buraxılış məntəqələrinin infrastrukturunun turizm baxımından müasir tələblərə uyğunlaşması nəzərdə tutulub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ