Xəbər verdiyimiz kimi, Bakıda Xəzər dənizində iki bacı boğularaq ölüb.
Həmin qızlar vəzifəli şəxsin övladlarıdır. Bu haqda “Respublika” qəzetində başsağlığı yer alıb.
Belə ki, boğularaq ölən şəxslər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının əməkdaşı Asəf Abdullayevin qızlarıdır.
Məlumdur ki, Abdullayevlər ailəsi istirahət etmək üçün birlikdə çimərliyə gediblər. Çimərlikdə olarkən, Asəf Abdullayev çay dəmləmək qərarına gəlib və özləri ilə götürdüyü "samovar"ı qaynatmaq üçün dənizdən bir qədər aralıya çəkilib. Bu zaman Aysel və Aysun suya giriblər. Havanın küləkli olduğundan dənizdə ləpələnmə çoxalıb. Bacılar dərinliyə getməsə də, ləpə onları dənizə tərəf çəkib. Sudan çıxa bilməyən bacılar boğularaq vəfat ediblər.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili bildirib ki, hadisə Kürdəxanı qəsəbəsi “42-ci dalğa” deyilən ərazinin çimərliyində baş verib.
“Saat 16:12-də məlumat daxil oldu. Biz müdaxilə edənə qədər böyük bacı, 2005-ci il təvəllüdlü Ayseli ləpələr sahilə çıxarmışdı. Amma kiçik bacı, 2008-ci il təvəllüdlü Abdullazadə Aygün Asəf qızının meyiti bu gün 09:14-də batdığı yerdən 11 km aralıda çıxıb. Sudan çıxarılıb aidiyyəti üzrə təhvil verilib. Ailə Xətai rayonu ərazisində yaşayırmış. İstirahət etmək üçün bu ünvana üz tutublar”, - A.Əlili bildirib.