Şəhidin beş yaşlı oğlu həkim səhlənkarlığının qurbanı olub? - video

Xəbər verdiyimiz kimi, Vətən Müharibəsi şəhidi Həmid Cəfərlinin 5 yaşlı övladı faciəvi şəkildə vəfat edib. Şəhidin həyat yoldaşı Aynurə Cəfərli oğlunun ölümündə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyindəki Uşaq Xəstəxanasının həkimlərini günahlandırır. 

“Xəzər Xəbər”ə danışan ana iddia edir ki, boğazında şokolad kağızı qalaraq dünyasını dəyişən övladı xəstəxanaya gələndə şüuru aydın və özü isə anlaqlı vəziyyətdə olub. Onun sözlərinə görə həkimlərin səriştəsiz və qeyri-tibbi üsulla müdaxiləsi nəticəsində körpənin vəziyyəti ağırlaşıb.

A.Cəfərli iddia edir ki, xəstəxanada uşağın boğazına xörək qaşığı ilə müdaxilə edilib. Onun əlini ayağını bağlayıb, öldüyünü iddia etsələr də, uşaq sağ olub.

TƏBİB-dən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Hadisə ilə əlaqədar Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyindəki Uşaq Xəstəxanasının rəhbəri Hafiz Abdullayevlə əlaqə saxladıq. Baş həkim saytımıza açıqlamasında bildirdi ki, hadisə baş verən gün işdə olmayıb: “Məzuniyyətdə idim. Həkimlərin sözlərinə görə, uşaq ora boğulma ilə gəlib. Nəfəs borusunda yad cisim olub. Həkimlər də ona oksigen veriblər. Daha sonra nəfəs, ürək dayanıb. Bunlar da ağızla nəfəs veriblər. Allah rəhmət eləsin, vəfat edib. Mən bilmirəm, orada olmamışam. Bununla bağlı şöbə müdiri açıqlama verib. Həkimləri prokurorluq çağırıb, məsələ araşdırılır”.

Qeyd edək ki, Hüseyn Cəfərli Vətən Müharibəsi şəhidi Həmid Cəfərlinin 3 övladından ortancılı idi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ