Koronavirusla bağlı vəziyyət pisləşir - Sərt karantin rejimi olacaqmı?

Son günlərin statistikası onu göstərir ki, dünyada koronavirusla bağlı vəziyyət pisləşməyə doğru gedir. Biz hər zaman deyirdik ki, yayın sonu-payızın əvvəli vəziyyət pis olacaq

Buta.media-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. 

Onun sözlərinə görə, indiyədək epidemioloji vəziyyət nəzarət altında olub.

Nazirlik rəsmisi vurğulayıb ki, dünyada koronavirusla bağlı vəziyyətin pisləşməsinin Azərbaycana da təsiri olacaq: 

“Təəssüf ki, ölkədə vəziyyət ümumi tendensiya kimi pisləşməyə doğru gedir. Bu, gözlənilən haldır”.

Təyyar Eyvazov əlavə edib ki, ilin əvvəlində “Omikron” ştamının bir neçə növü var idisə, bu gün yeni variantlar meydana çıxır.

Onun sözlərinə görə, insanlarda yaranan kütləvi immunitetin zamanla zəifləməsi, yeni ştamın meydana çıxması bugünkü vəziyyətə səbəb olur: “Bu da təbiidir. Çünki “Omikron” ştamı sürətlə yayılır”.

Azərbaycanda koronavirusun “Omikron” ştamı geniş yayılıb

Səhiyyə Nazirliyinin mütəxəssisi bildirib ki, koronavirusun “Delta” ştamı əvvəlki mutasiyalardan fərqli olaraq daha yoluxucu və ağır fəsadlar verirdi.

“Bu variantda insanların xəstəliyi daha ağır keçirdiyini vurğulayan infeksionist qeyd edib ki, hazırda bu ştama demək olar ki, rast gəlinmir”.

Nazirlik rəsmisinin sözlərinə görə, bu gün əsas “Omikron” ştamının növləri gündəmdədir.

Təyyar Eyvazov əlavə edib ki, Azərbaycanda koronavirusla əlaqəli sərt tədbirlərin tətbiqi gözlənilmir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ