Cəbrayılda “Azərsun”un yük maşını minaya düşdü

Cəbrayılda “Azərsun"un maşını minaya düşüb, sürücü xəsarət alıb.

ANAMA-dan verilən məlumata görə, hadisə bu gün Cəbrayılın Dağtumas kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə baş verib.

“Azərsun Holdinq" MMC şirkətinə məxsus yükdaşıma nəqliyyat vasitəsi TM 62 P tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində xəsarət alan sürücü - 1996-cı il təvəllüdlü İmişli rayon sakini Məmmədov Şamil Fərahim oğlu rayon xəstəxanasına çatdırılıb.

ANAMA bir daha vətəndaşlarımıza müraciət edərək təhlükəli və şübhəli ərazilərə daxil olmamağa, rastlaşdıqları naməlum əşyalara toxunmamağa çağırır.

Cəbrayıl rayon prokurorluğundan bildirilib ki, ilkin araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan "Azərsun Holdinq"in sürücüsü Şamil Məmmədovun rayonun Dağ Tumas kəndi ərazisində yük maşını ilə hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ