Xəzər dənizinin ən çox çirklənməyə məruz qaldığı ərazilər açıqlanıb

“Xəzər dənizi iri sənaye müəssisələrinin cəmləşdiyi ərazilərdən daha çox çirklənməyə məruz qalır. Buna misal olaraq Sumqayıtçay, Acı dərəsi axarı, Hövsan kanalı, 32-ci kanal və s. qeyd etmək olar”.

“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Dəniz Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov deyib.

Onun sözlərinə görə, sahil zolağında keçirilən ekoloji monitorinqlər zamanı dənizin sahil zolağında 128 təbii və antropogen axar müəyyən edilib: 

“Bu axarlar vasitəsilə müxtəlif sahələrdə formalaşan tullantı suları Xəzər dənizinin çirklənməsinə səbəb olur. Bu isə sahil zolağının rekreasiya əhəmiyyətli və digər sahələrində ərazilərin ekoloji vəziyyətinin pozulmasına və antisanitar vəziyyətin yaranmasına səbəb olur. Bu vəziyyət eyni zamanda ekoturizmin inkişafına da mənfi təsir göstərir”.

N.Mahmudov bildirib ki, sahil zolağında və ona yaxın ərazilərdə fəaliyyət göstərən müxtəlif xidmət sahələrində formalaşan tullantı suları əksər rayonlarda mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmadığından Xəzər dənizinə axıdılır: 

“Keçirilən monitorinqlər zamanı həmin ərazilərdən nümunələr götürülərək üzərində təhlillər aparılıb, aparılan təhlillərin nəticələrinə əsasən çirklənmə normadan artıq müəyyən edilib. Buna əsas səbəb həmin ərazilərdə aidiyyəti qurumlar tərəfindən tullantıların mövcud qanunvericiliklərin tələblərinə uyğun idarə edilməməsidir. Məhz bu səbəbdən antropogen təsirlər nəticəsində dənizin çirklənməsi davam edir. Sahil zolağında fəaliyyət göstərən müəssisələrdə formalaşan tullantı sularının təmizlənməsi məqsədilə qanunamüvafiq qaydada tədbirlər görülür”.

“Xəzər dənizinin sahil zolağında fəaliyyət göstərən obyektlərdə formalaşan bərk tullantıların və tullantı sularının mövcud qanunvericiliyin tələblərinə uyğun idarə olunması istiqamətində aidiyyəti orqanların nümayəndələri ilə müvafiq görüşlər təşkil olunur və onlara bu sahədə lazımi tapşırıqlar verilir. Hazırda sözügedən tullantıların qanunamüvafiq qaydada idarə edilməsi ilə əlaqədar ərazilərdə birgə monitorinqlərin keçirilməsi gücləndirilmiş və bu istiqamətdə mütəmadi olaraq monitorinqlər həyata keçirilir”, - İdarə rəisi əlavə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ