Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) əməkdaşlarının qeyri-iş günlərində işə çağırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Buta.media-nın məlumatına görə, rəsmi açıqlamada bildirilir ki, Novruz bayramı ilə əlaqədar ölkədə elan olunan yeddi qeyri-iş günləri ərzində Bakı Şəhər İcra Hakimiyyəti, onun struktur bölmələri, paytaxtın təsərrüfat və xidmət sahələrin işçiləri xüsusi iş rejimində çalışıblar.
“Bayram şənlikləri və kütləvi tədbirlərin təşkili, şəhərin sanitar təmizliyinin yüksək səviyyədə saxlanılması, istirahət günlərində sakinlərimiz və qonaqlarımızı narahat edə biləcək hər hansı neqativ halların qarşısının dərhal alınması üçün Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, aparatın məsul nümayəndələri, eyni zamanda paytaxt rayonlarının icra hakimiyyətlərinin aparatları, şəhərin təsərrüfat və digər xidmət sahələrinin işçiləri öz iş yerlərində birbaşa vəzifə borclarını yerinə yetiriblər və bu təbii bir haldır.
Bayram günlərində iş yerində öz xidməti vəzifələrini həyata keçirən əməkdaşlara qanunvericiliyin tələblərinə uyğun olaraq, əlavə istirahət günləri veriləcək və onların mükafatlandırılması məsələsinə baxılacaq. Bununla əlaqədar hansısa bir şəxsin narazılıq nümayiş etdirməsi və bunun mətbuatda yayılması bizdə təəccüb doğurur”, - deyə məlumatda bildirilib.