Bakıda məşhur ticarət mərkəzi yanıb külə döndü - VİDEO + YENİLƏNİB

Bakının Nizami rayonundakə "Diqlas" ticarət mərkəzində baş vermiş yanğın söndürülüb.

 
Buta.media Trend-ə istinadla məlumat verir ki, hazırda kəşfiyyat, soyutma, tüstülənmə mənbələrinin aşkarlanması üçün söküntü işləri aparılır.
 
Qeyd edək ki, yanğın təqribən saat 08:12-də baş verib.
 
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 100-dən çox şəxsi heyət, 20-dən artıq texnika, o cümlədən 3 helikopter cəlb edilib.
 
Yanğın sahəsi 2 hektardan artıqdır.
 
Ticarət mərkəzi ilə yanaşı, ətrafdakı bitişik tikililər də yanıb. Əsasən tikinti materialları, geyim əşyaları yanıb.
 
Hadisə zamanı yanğınsöndürmə briqadasının bir əməkdaşı xəsarət alıb. O, sağ əlin kəsilmiş yarası ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
 
Ticarət mərkəzinin heç bir mərtəbəsində yanğınsöndürmə sistemi olmayıb. Obyekt rəhbərliyi tərəfindən yanğın təhlükəsizliyi qaydalarına ciddi nəzarət olunmadığından yanğın geniş şəkildə yayılıb.
 
İlkin məlumata görə, yanğın gül dükanından başlayıb. Araşdırmalardan sonra yanğının səbəbi məlum olacaq.

 10:11

Bu gün səhər saatlarından paytaxtın Nizami raonunda, 8-ci kilometr qəsəbəsində yerləşən "Diqlas” ticarət mərkəzində başlayan yanğın ticarət mərkəzini tamamilə külə döndərib. 
 
Buta.media-nın məlumatına görə, Musavat.com-un hadisə yerində olan əməkdaşı xəbər verir ki, artıq bu ticarət mərkəzində yanğından mühafizə ediləsi heç nə qalmayıb.
 
Ərazidə davam edən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri cəlb olunub.

09:31

Bakının Nizami rayonunda güclü yanğın baş verib. 
 
Buta.media xəbər verir ki, hadisə “Diqlas” ticarət mərkəzində qeydə alınıb.
 
Əraziyə FHN-in yanğınsöndürən maşınları cəlb olunub. Hazırda bina təxliyyə olunur.
 
“Report” xəbər verir ki, ticarət mərkəzi yararsız hala düşüb. Yanğının yaxınlıqdakı yaşayış binasına keçməsi təhlükəsinin qarşısı alınıb. Alov elektrik naqillərini də sıradan çıxarıb. Ərazidəki insanlardan bir neçəsi tüstüdən zəhərlənib, onlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ